Köç karvanları Laçında: - Ölkə iqtisadiyyatının mərkəzlərindən biri olacaq

Köç karvanları Laçında: - Ölkə iqtisadiyyatının mərkəzlərindən biri olacaq Maraqlı
Prezident İlham Əliyev 28 May - Müstəqillik Günündə Laçına səfər etdi. Dövlət başçısı “Böyük Qayıdış”ın növbəti mərhələsi çərçivəsində sakinlərə evlərinin açarlarını təhvil verdi, bir sıra obyektlərin açılışında iştirak etdi, mühüm mesajlar verdi və nəhayət, Laçına yenidən həyatın qayıtdığını elan etdi.

Prezident Laçına “Böyük Qayıdış”a start verməklə bu torpaqlara dönüşün əbədi və əzəli xarakter daşıdığını, açılışını və təməlqoymanı həyata keçirdiyi infrastruktur layihələri ilə isə 30 il bu torpaqları xarabazara çevirmiş işğalçıdan fərqli olaraq, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurun sahibi olduğunu əməli olaraq nümayiş etdirdi.



Laçına həyat qayıdır


“Mən dəfələrlə həm Laçından, həm də o vaxt işğal edilmiş digər rayonlardan köçkünlərlə görüşəndə onlara ürək-dirək verirdim, deyirdim ki, qayıdacağıq, qayıdacağıq! Əgər indi 11 il bundan əvvəlki görüşün videoyazısına baxsanız, görərsiniz demişdim ki, qayıdacağıq və Laçında daha gözəl evlər tikiləcək. Bax, belə də oldu”.

Bu sözləri Prezident İlham Əliyev Laçın sakinləri ilə görüşdə dedi. Dövlət başçısı bildirdi ki, bütün keçmiş köçkünlər üçün şərait ən yaxşı olmalıdır, ən gözəl olmalıdır ki, uzun əzablı illərdən sonra burada rahat yaşaya bilsinlər. Prezidentin tapşırığına əsasən, Laçın yenidən inşa olunur, insanların doğma yurd-yuvalarına qayıdıb rahat şəraitdə yaşamaları üçün şəhərin bütün infrastrukturu yenidən qurulur. Artıq Laçına köç başlayıb, şəhərə firəvan həyat qayıdır.


İlk köç karvanları Laçında... 

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan Laçın şəhərinə qayıdışı başlandı. Birinci mərhələdə şəhərə 20 ailə, yəni 97 nəfər köçürüldü. 

Laçına qayıdışın başlamasının təkcə siyasi deyil, həm də iqtisadi və sosial əhəmiyyəti var. Çünki Laçın strateji əhəmiyyətə malikdir.

Birincisi, Laçın Qarabağın Ermənistanla sərhədində yerləşən rayondur və orada azərbaycanlıların daimi yaşaması, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü və dayanıqlı inkişafı üçün əhəmiyyətlidir. 

İkincisi, Laçın turistik rayondur. Ora həm coğrafi, həm də müalicəvi turizm potensialına malikdir. Dünyada ən çox inkişaf edən turizm sahəsi olan ekoturizmin inkişafı burada yüksələn sektorlardan ola bilər. Nəticədə, iqtisadi fürsətlər açıldıqca orada əhalinin sayı və məşğulluq artacaq. Bu da ölkə iqtisadiyyatına əlavə töhfə verəcək.

Üçüncüsü, Laçın təbii ehtiyatları ilə zəngindir. Rayonda çoxlu mineral sular, kobalt, uran, civə, qızıl, dəmir, müxtəlif rəngli mərmər yataqları var. Bütün bunlar gələcəkdə Azərbaycan iqtisadiyyatına böyük fayda verəcək. 

Dördüncüsü, 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır ki, bu da regionun və iqtisadi zonanın inkişafına böyük təkan verəcək. Burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verməklə yanaşı, turizm potensialının artırılmasına səbəb olacaq.



Yenidən qurulan Laçının Azərbaycan iqtisadiyyatındakı rolu

Böyük sürətlə davam edən quruculuq-bərpa prosesi çərçivəsində qısa müddətdə Laçının timsalında “Böyük Qayıdış” artıq üçüncü yaşayış məntəqəsini əhatələyir. Artıq ilk köç karvanları Laçına çatıb, şəhər yeni inkişaf mərhələsinə qədəm qoyur.

Laçında böyük layihələr həyata keçirilir, bərpa və quruculuq işləri aparılır. Bütün bunlar onu deməyə əsas verir ki, şəhərin nəinki laçınlıların həyatında, eləcə də Azərbaycan iqtisadiyyatında mühüm yer tutacaq.

Azərbaycan iqtisadiyyatına verəcəyi töhfəni qeyd etmədən öncə ermənilərin 30 illik işğal dövründə Laçına vurduqları zərərə diqqət yetirək:

- 1992-ci ildə Laçın rayonunu işğal ediləndən sonra 65 mindən çox sakinimiz 30 il məcburi köçkün həyatı sürməyə məcbur oldu;

- 1992-ci il Ermənistan işğalı nəticəsində Laçın rayonunda 13,8 min, o cümlədən Laçın şəhərində 1340, Zabux kəndində isə 100 ev dağıdılaraq məhv edildi;

- Bütövlükdə, rayonun işğalı nəticəsində 1 şəhər, 1 qəsəbə, 125 kənd, 13745 fərdi yaşayış evi, 48 sənaye, 63 kənd təsərrüfatı obyekti, 109 təhsil, 142 səhiyyə, 217 mədəni-maarif müəssisəsi, 460 ticarət obyekti, 30 rabitə qovşağı ermənilər tərəfindən dağıdılaraq yandırıldı;

İşğaldan sonra ilkin qiymətləndirmələrə görə, işğal ilə əlaqədar rayona 7,1 milyard ABŞ dolları dəyərində ziyan dəyib. 30 illik işğal müddətində bu ziyanın həcmi dəfələrlə artıb.

Bu qədər zərərin vurulmasına baxmayaraq, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq şəhər yenidən quruldu. Dövlət başçısı may ayının 28-də Laçında çox müüm müəssisələrin açılışında iştirak etdi, bu ərazilərin əzəli və əbədi sahiblərinin kim olduğunu bir daha nümayiş etdirdi. Ən əsası, bərpa edilən Laçın şəhərinə məcburi köçkünlərin qayıdışı başlandı. 



Azad edilmiş Laçında əsaslı quruculuq: “Böyük Qayıdış”ın mühüm addımları...

Prezident laçınlılarla görüşdə bir sıra mühüm məqamlara toxundu. Dövlət başçısı həm də şəhərin bərpası, yenidən qurulması və bütün bunların əhəmiyyəti ilə bağlı mühüm mesajlar verdi:

- 7-8 ay ərzində Laçının böyük hissəsi tamamilə yenidən qurulub;

- İlk 20 ailə artıq Laçında yerləşib və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək;

- Birinci mərhələdə Laçında 4 minə yaxın insan məskunlaşacaq;

-  Laçın şəhərinin Baş planı hazırlanıb və bütövlükdə Laçında 7-8 ay ərzində 700 bina inşa edilib. Onlardan 620-si fərdi yaşayış binası, 9-u çoxmənzilli bina və orada 144 mənzil hazırdır. Beləliklə, artıq 764 ailə Laçın şəhərində yaşaya bilər.

Dövlət başçısının təşəbbüsü ilə yenidənqurma işlərinin yeni innovativ texnologiyalara əsaslanaraq aparılması, ərazilərdə müasir şəhərsalma planlaşdırılmasının həyata keçirilməsi Laçının çox tezliklə nəinki Qarabağın, eləcə də bütün regionunun ən müasir rayonlarından birinə çevriləcəyinə təminat verir.

Prezident Laçına səfəri çərçivəsində Aqro və Sənaye Parkında aparılan işlərlə də tanış oldu. Dövlət başçısı müəssisənin əhəmiyyətini qeyd etdi.

Aqro və Sənaye Parkı ölkə iqtisadiyyatına necə töhfə verəcək?

- Laçın ərazisində Aqro və Sənaye Parkının yaradılması gələcəkdə rayon sakinlərinin daimi işlə təmin olunması istiqamətində mühüm addımdır;

- Eyni zamanda Aqro və Sənaye Parkı ölkənin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq. Çünki burada ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcək ki, onların da 80 faizinin bu il yay aylarının sonunadək işə başlayacağı nəzərdə tutulub;

- Burada əhalinin məşğulluğunun təmin edilməsi üçün yaradılacaq müəssisələrdə 1169 nəfər işlə təmin olunacaq. Hazırda fəaliyyət göstərən 7 müəssisədə 226 Laçın sakini işlə təmin edilib.



Laçında kənd təsərrüfatı sahələrinin canlanması sosial-iqtisadi inkişafa təkan kimi...

Laçına köçürülən sakinlərin böyük əksəriyyətinin ənənəvi təsərrüfat fəaliyyətləri ilə məşğul olması Azərbaycan iqtisadiyyatı üçün mühüm töhfə olacaq. 

Çünki: 

- Laçın əhalisi əsasən kənd təsərrüfatının maldarlıq, əkinçilik, arıçılıq və bağçılıq kimi növləriylə məşğul olacaqlar. Nəzərə alsaq ki, Laçında heyvandarlığın inkişafı üçün böyük imkanlar var. Bunu fermerlərin öz təsərüfatlarını Laçın yaylaqlarına aparmasının timsalında da görə bilərik. 

- Digər bir əsas məşğuliyyət isə turizim olacaq. Bütün bunlar bölgədə getdikcə canlanmanın yerli lokal iqtisadiyyatın formalaşmasında, turizmin müxtəlif formalarının formalaşmasına gətirib çıxaracaq. 

- Laçında istehsalat, xidmət və tədris müəssisələrinin yaradılması, məşğulluğun artırılması istiqamətində işlər davam etdirilir. Hazırki məqamda Laçında sakinlərin yaşayışının təmini, infrastrukturun bütün formalarından istifadə imkanlarının yaradılması və bu dayanıqlığın təmini olduqca vacibdir.

Burada əhalinin məşğulluğunun təmin edilməsi üçün yaradılacaq müəssisələrdə mindən çox şəxsin işlə təmin olunacağı gözlənilir.

Bu gün Laçında görülən möhtəşəm işlərin tükənməz siyahısı var və bu işlər kəmiyyət, keyfiyyət göstəriciliyi ilə yanaşı, yüksək iqtisadı strateji üstünlükləri ilə də diqqəti cəlb edir. Bir sözlə, Laçına qayıdış “Böyük qayıdışın təntənəsi”dir!

Akqabay Mıradov