Köhnə Yeni il ənənəsi necə yaranıb?

Köhnə Yeni il ənənəsi necə yaranıb? Maraqlı

Köhnə Yeni il yanvarın 13-dən 14-nə keçən gecə qeyd olunur. Bəs bu ənənə necə yaranıb?

News24.az xəbər verir ki, bu ənənənin formalaşması Yuli təqvimi (köhnə üslub) ilə Qriqori təqvimi (yeni üslub) arasındakı fərqlə bağlıdır.

Tarixən Avropa ölkələri 1582-ci ildən başlayaraq daha dəqiq hesab edilən Qriqori təqviminə keçid ediblər. Lakin bu proses bütün ölkələrdə eyni vaxtda baş verməyib. Xüsusilə pravoslav ölkələrdə və kilsələrdə Yuli təqvimindən istifadə uzun müddət davam etdirilib.

Hazırda Yuli və Qriqori təqvimləri arasındakı fərq 13 gün təşkil edir. Buna görə də Yuli təqviminə görə, 1 yanvar tarixi Qriqori təqvimində yanvarın 14-nə təsadüf edir.

Məhz bu səbəbdən köhnə üsluba sadiq qalan icmalar və kilsələr Yeni ili 13-dən 14 yanvara keçən gecə qeyd etməyə davam edir. Beləliklə, təqvim dəyişikliyinə baxmayaraq, Köhnə Yeni il ənənəsi bu günə qədər qorunub saxlanılıb.