Marsda elektrik qığılcımları aşkarlandı
Maraqlı
Beynəlxalq tədqiqatçılar qrupu ilk dəfə Mars atmosferində zəif elektrik boşalmalarını qeydə alıb.
News24.az xəbər verir ki, “Nature” jurnalında dərc olunan bu mühüm kəşf NASA tərəfindən hazırlanıb Marsa göndərilmiş Perseverance roverində quraşdırılmış İspaniya istehsalı MEDA meteoroloji stansiyasının ölçmələri sayəsində əldə edilib.
İspaniya Astrobiologiya Mərkəzinin alimləri Herman Martines və Alvaro Visente-Retortillo bildirirlər ki, müşahidə olunan hadisələr iki materialın sürtünməsi və ya toqquşması nəticəsində yaranan triboelektrik qığılcımlardır.
MEDA cihazı dörd Yer ili ərzində ümumilikdə 55 belə elektrik hadisəsini qeydə alıb. Qığılcımlar əsasən toz fırtınalarının yaxınlığında müşahidə olunub. Tədqiqatçılar qeyd edirlər ki, toz dənəciklərinin bir-birinə sürtünməsi Mars atmosferində bu cür zəif elektrik boşalmalarının yaranması üçün kifayət qədər enerji yaradır.
Bu kəşf Marsın atmosfer dinamikasının, toz fırtınalarının xüsusiyyətlərinin və potensial risklərin daha dərindən öyrənilməsi üçün yeni imkanlar açır.