"Meta"ya ağır ittiham: "Facebook" və "Instagram" uşaqları qoruya bilmir
Maraqlı
Avropa İttifaqı (Aİ) uşaqların mühafizəsi qaydalarının pozulması ilə bağlı “Meta” şirkətinə qarşı rəsmi ittiham irəli sürüb. “Facebook” və “Instagram” platformaları daha sərt nəzarətə götürülüb.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, Avropa Komissiyası “Meta”dan 13 yaşdan kiçik istifadəçilərin sosial şəbəkələrə girişinin qarşısını almaq üçün daha effektiv tədbirlərin görülməsini tələb edib. İki il davam edən araşdırmadan sonra irəli sürülən ittiham Rəqəmsal Xidmətlər Aktı (DSA) çərçivəsində təqdim olunub.
Qanun texnologiya şirkətlərinin platformalarda yayılan qanunsuz və zərərli məzmunlarla mübarizədə daha aktiv rol almasını nəzərdə tutur.
Aİ müfəttişlərinin qiymətləndirməsinə əsasən, Avropada 13 yaşdan kiçik uşaqların təxminən 10 faizi aktiv şəkildə “Facebook” və “Instagram”dan istifadə edir. Komissiya bildirib ki, hər iki platformada risklərin qiymətləndirilməsi mexanizmləri yenilənməli, azyaşlıların müəyyən edilməsi və onların girişinin bloklanması üçün texniki imkanlar gücləndirilməlidir.
“Meta” isə ittihamlara cavab olaraq Komissiyanın yekun qərarınadək tələb olunan tənzimləmələri həyata keçirə biləcəyini açıqlayıb.
Qeyd edək ki, Rəqəmsal Xidmətlər Aktının pozulması şirkətin qlobal dövriyyəsinin 6 faizinədək cərimə ilə nəticələnə bilər.
Nilufər