“PlayStation” istifadəçiləri üçün yeni qayda: Bu məhdudiyyət məcburi olacaq
Maraqlı
“Sony” şirkəti Böyük Britaniya və İrlandiyada “PlayStation” istifadəçiləri üçün yaşın məcburi yoxlanılması sistemini tətbiq etməyə başlayıb.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni prosedur üz tanıma və sənədlərin yüklənməsi vasitəsilə şəxsiyyətin təsdiqlənməsini nəzərdə tutur.
İyundan etibarən təsdiqləmədən keçməyən istifadəçilər xidmət funksionallığı üzrə məhdudiyyətlərlə üzləşəcəklər. Xüsusilə mətn və səsli çatlara giriş, “Discord” inteqrasiyası, eləcə də canlı yayımlar və “YouTube”, “Twitch” kimi platformalara kontent çıxışı bloklanacaq.
Əlavə məhdudiyyətlərin oyun daxili qarşılıqlı əlaqəyə də təsir edəcəyi bildirilir. Bəzi oyunlarda yaşını təsdiqləməyən istifadəçilər kommunikasiya funksiyalarından və istifadəçi tərəfindən yaradılmış kontentə girişdən istifadə edə bilməyəcəklər.
Bununla belə, bu tədbirlər “18+” yaş reytinqli oyunların alınmasına və işə salınmasına şamil edilmir.
Şirkət bildirib ki, yenilik yetkinlik yaşına çatmayanların qorunma səviyyəsinin artırılması məqsədi daşıyır.
Qeyd edək ki, təxminən bir il əvvəl Böyük Britaniyada onlayn platformaların böyüklər üçün nəzərdə tutulmuş kontentə girişə nəzarət məqsədilə daha sərt tələblər tətbiq etməsini nəzərdə tutan qaydalar qüvvəyə minib.