Qəfildən alışan telefonu necə söndürmək olar?

Qəfildən alışan telefonu necə söndürmək olar? Maraqlı

Müasir smartfonlar etibarlı işləyən güclü litium-ion batareyalarla təchiz olunur. Lakin bəzən istehsal qüsuru və ya xarici zədələr səbəbindən onlar həddindən artıq qızaraq hətta alışa bilər. Belə hallar nadir olsa da, düzgün davranmağı bilmək vacibdir. Ehtiyyat tədbirləri xəsarətlərin və ciddi ziyanın qarşısını almağa kömək edər.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, smartfonların alışmasına əsas səbəb batareya ilə bağlı problemlərdir. Zamanla batareyada kimyəvi proseslər pozulur, qazlar ayrılır, batareya şişir, korpus deformasiyaya uğrayır. Bu isə qısaqapanmaya və nəzarətsiz istilik ayrılması ilə müşayiət olunan reaksiyaya gətirib çıxarır.

Telefonlarda bu halları artıran risklər isə bunlardır:

• istehsal qüsuru;

• yerə düşmək nəticəsində mexaniki zədələr;

• suyun daxil olması;

• kəskin temperatur dəyişiklikləri;

• xüsusən şarj zamanı tez-tez baş verən həddindən artıq qızmalar;

• orijinal olmayan və ya nasaz şarj cihazları və kabellərdən istifadə.

Əgər smartfon tüstüləməyə, və ya fısıltı səsi çıxarmağa başlayıbsa:

• Dərhal şarj cihazını rozetkadan ayırın. Bu mümkün deyilsə elektrik lövhəsindən bütün mənzilin enerjisini kəsin.

• Cihazı yanar materiallardan uzaqlaşdırın. Ən yaxşısı onu çölə çıxarıb asfaltın, betonun və ya torpağın üzərinə, insanlardan və heyvanlardan uzaqda qoymaqdır. Pəncərədən atmayın və yol uzun olarsa, bütün mənzil boyu daşımağa çalışmayın.

• Çölə çıxarmaq mümkün deyilsə təhlükəsiz məsafədə, yanmayan səthin (kafel, metal, beton) üzərinə qoyun, mebel, pərdələr və qaz cihazlarından uzaq saxlayın.

Alışan smartfonu söndürməyin ən yaxşı variantı yanğınsöndürən balondur.

Yanğınsöndürən yoxdursa:

• Cihazın üzərinə bol miqdarda qida sodası və ya dibçək qabından torpaq tökün.

• Alovu söndürmək və oksigen girişini məhdudlaşdırmaq üçün qalın (sintetik olmayan) parça ilə örtün.

• Metal qazan və ya qapaqdan istifadə edin. Smartfonu onunla örtün ki, alov izolyasiya olunmuş məkanda sönsün.

Bu halda telefonu su ilə söndürmək olarmı?

Litium-ion batareyalarda təmiz litium çox azdır, buna görə metal litiumda olduğu kimi hidrogen ayrılması ilə müşayiət olunan güclü reaksiya baş verməyəcək. Suyun istifadəsi mümkündür, amma ən yaxşı seçim deyil.

Başqa vasitə yoxdursa o zaman aşağıda qeyd olunan variantları sınayın:

• Smartfonu çanağa və ya vannaya qoyun.

• Soyuq sudan istifadə edin. Bu, batareyanı daha tez soyudar.

• Suyu birdən-birə yox, bərabər və davamlı şəkildə tökün.

• Alov sönəndən sonra da yenidən alışmanın qarşısını almaq üçün bir neçə dəfə su tökün.

Telefonda alışmanın qarşısını necə almaq olar?

• Batareyanın şişməsi əlamətləri görünərsə (korpusun və ya ekranın deformasiyası), istifadəni dayandırın və dəyişdirilməsi üçün servisdə müraciət edin.

• Yalnız orijinal və ya sertifikatlı şarj cihazlarından istifadə edin.

• Həddindən artıq qızmaya, kəskin temperatur dəyişikliklərinə və güclü zərbələrə yol verməyin.

• Batareyanı özünüz açmağa və ya təmir etməyə çalışmayın.