Sevgililər günü necə yarandı?
Maraqlı
Sevgililər Günü ənənəvi olaraq hər il 14 fevralda qeyd olunur. Bu gün bir-birini sevən insanlar hisslərini yaxınlarına ifadə edir, sevgilərini etiraf edir, hədiyyələr verir və sevgi sözləri yazılmış kartlar göndərirlər.
Bəs 14 fevralın Sevgililər Günü kimi qeyd olunmasının tarixi necə yaranıb?
News24.az xəbər verir ki, bu tarixlə bağlı müxtəlif əfsanələr mövcuddur.
Onlardan birinə görə, II–III əsrlərdə Romaya hakim olan Klavdi II hesab edirdi ki, ailə həyatı legionerləri hərbi xidmətdən və döyüşlərdən yayındırır. Buna görə də o, kişilərin evlənməsini, qızların isə ərə getməsini qadağan etmişdi.
Roma keşişi Müqəddəs Valentin isə aşiq cütlüklərə rəhm edir və onları gizli şəkildə nişanlayırdı. Bu səbəbdən o, həbs olundu və daha sonra edam edildi.
Onun ölüm günü - 269-cu ilin 14 fevralı sonradan xristian şəhidi kimi anılmağa başladı. Təxminən 200 il sonra Papa Gelasius I 14 fevralı rəsmi olaraq Sevgililər Günü elan etdi. Lakin bayramın geniş şəkildə qeyd olunması daha sonrakı dövrlərə təsadüf edir.
Başqa bir rəvayətə görə isə, yunan filosofu Kratonun oğlu ağır xəstə idi. Valentin bütün var-dövlətindən imtina edərək, uşağın xristianlığı qəbul etməsi şərti ilə onun üçün dua etdi və oğlan möcüzəvi şəkildə sağaldı.
Bu hadisədən sonra ailə xristianlığı qəbul etdi. Lakin bu vəziyyət Senatın narazılığına səbəb oldu və Valentin yenidən həbs edilərək edam edildi.
Deyilənə görə, Valentin həbsdə olarkən yaxınlarına vida məktubları göndərirdi. Hesab edilir ki, ilk “valentin” kartları məhz həmin məktublardan yaranıb.