Telefonunuzun batareyası tez bitir? – Səbəb bu yanlış vərdiş ola bilər

Telefonunuzun batareyası tez bitir? – Səbəb bu yanlış vərdiş ola bilər Maraqlı

Müasir smartfonlarda istifadə olunan litium-ion batareyaların düzgün istismar edilməməsi onların vaxtından əvvəl sıradan çıxmasına səbəb olur.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssislər cihazın daim 100 faizədək doldurulmasının batareya ömrünü qısaltdığını bildiriblər.

Araşdırmalara görə, batareya tam dolu vəziyyətdə daha yüksək gərginlik və istiliyə məruz qalır ki, bu da kimyəvi aşınmanı sürətləndirir. Cihazın effektiv fəaliyyəti üçün enerji səviyyəsinin 20-80 faiz aralığında saxlanılması tövsiyə olunur. Məsələn, “Samsung” şirkəti istifadəçilərə enerjinin 20 faizdən aşağı düşməməsini və 80–90 faizdən çox doldurulmamasını məsləhət görür.

Bundan əlavə, telefonun gecəboyu enerjidə saxlanılması və sürətli enerji yığma texnologiyalarından mütəmadi istifadə edilməsi də batareyaya mənfi təsir göstərir. Ekspertlər qeyd ediblər ki, gün ərzində cihazı bir neçə dəfə qısa müddətli enerji ilə doldurmaq daha səmərəlidir.

Eyni zamanda, keyfiyyətsiz enerji toplama cihazları da batareyanın sıradan çıxmasına səbəb ola bilər. Bu baxımdan, istifadəçilərə yalnız orijinal adapterlərdən istifadə etmək tövsiyə olunur.