30 dollara aldığı rəsm əsərindən 250 min qazanacaq

30 dollara aldığı rəsm əsərindən 250 min qazanacaq Maraqlı

ABŞ sakini əmlak satışından 30 dollara aldığı rəsm əsərinin məşhur sürrealist rəssam Gertruda Aberkrombinin itkin əsərlərindən biri olduğunu öyrənib.

News24.az xəbər verir ki, alıcı rəsmin küncündəki imzaya və tarixə diqqət yetirib.

Orada “Aberkrombi, 1951” yazılıb. Daha sonra o, rəsm əsərinin orijinal çərçivədə sərgiləndiyi fotosunu görüb.

Bundan sonra əsər Aberkrombinin yaradıcılığı üzrə aparıcı mütəxəssislərdən biri olan sənətşünas Syuzan Vayningerə göstərilib.

Ekspert rəsmin həqiqətən də rəssam tərəfindən 1951-ci ildə çəkildiyini təsdiqləyib.

“Alderman Merriam's Shells” adlı əsərdə Çikaqo Şəhər Şurasının üzvü Robert Merriamın kolleksiyasına aid dəniz ilbizləri təsvir olunub.

Mütəxəssislər rəsm əsərinin tarixçəsini də araşdırıblar.

Məlum olub ki, Gertruda Aberkrombi 1952-ci ildə tibbi prosedurun əvəzində əsəri Miçiqanda yaşayan həkim Con Reynoldsuna verib.

Bundan sonra rəsm təxminən 75 il ərzində həkimin ailəsində qalıb.

Hazırda tapıntı “Freeman's” hərracında satışa çıxarılıb. Əsərin ilkin qiyməti 150–250 min dollar arasında müəyyənləşdirilib.