5300 yaşlı mumiyada canlı mikroorqanizmlər aşkar edildi

5300 yaşlı mumiyada canlı mikroorqanizmlər aşkar edildi Maraqlı

İtaliyanın Eurac Araşdırma Mərkəzinin alimləri 5300 ildən çox əvvəl yaşamış məşhur "Buz adam" Ötzinin bədənində hələ də canlı mikroorqanizmlərin qaldığını müəyyən ediblər.

New24.az xəbər verir ki, mumiyanın toxumalarından götürülən bəzi qədim maya göbələklərini laboratoriya şəraitində çoxaltmaq mümkün olub.

Tədqiqatın nəticələri "Microbiome" jurnalında dərc edilib.

Ötzi 1991-ci ildə Avstriya və İtaliya sərhədindəki Ötztal Alplarında tapılıb.

Əsrlər boyu buz altında qaldığı üçün onun dərisi, daxili orqanları və mədəsinin möhtəviyyatı mükəmməl şəkildə qorunub.

Yeni araşdırmada mütəxəssislər mumiyanın dərisi və toxumalarından götürülən nümunələri, eləcə də əriyən buz suyunu analiz ediblər. Məlum olub ki, tapılan bəzi bakteriya və göbələklər müasir sənaye ölkələrinin sakinlərində demək olar ki, yoxdur.

Xüsusilə soyuğa davamlı “Glaciozyma, Mrakia, Phenoliferia” və “Goffeauzyma” cinsindən olan maya göbələkləri diqqət çəkib. Alimlər bu mikroorqanizmlərin bəzilərindən canlı koloniyalar yetişdirə biliblər. Üstəlik, DNT analizi hüceyrələrin yaxın keçmişdə bölündüyünü göstərib.

“Glaciozyma” göbələyinin 2010 və 2019-cu illərdə götürülən nümunələrini müqayisə edən ekspertlər onun sayının kəskin artdığını müşahidə ediblər. Bu isə o deməkdir ki, mikroorqanizmlər mumiyanın saxlanıldığı mənfi 6 dərəcədə və yüksək rütubətdə belə çoxalmağa davam ediblər.

Mütəxəssislərin fikrincə, bu kəşf bəzi mikroorqanizmlərin minilliklər boyu yaşaya və sahibinin ölümündən sonra da bioloji aktivliyini qoruya bildiyini sübut edir.