8500 illik güzgü tapıldı
Maraqlı
Türkiyədə aparılan arxeoloji qazıntılar zamanı 8 500 illik obsidian güzgü və müxtəlif formalar və xətlər daşıyan obsidian alətlər aşkar edilib.
News24.az xəbər verir ki, tapıntılar Mədəniyyət və Turizm Nazirliyinin “Gələcək üçün irs layihəsi” çərçivəsində həyata keçirilən ikinci mərhələdə üzə çıxarılıb.
Qazıntıya Ankara Universitetinin Dil, Tarix və Coğrafiya fakültəsinin Tarixdən əvvəlki arxeologiya şöbəsinin müəllimi, Dos. Prof. Dr. Adnan Baysal rəhbərlik edib. O, tapıntıları şərh edərkən bildirib:
"Biz bu güzgünün Çatalhöyükdə tapılan nümunələrlə müqayisədə çox maraqlı və müasir hesab etdiyimiz bir texnologiyaya sahib olduğuna inanırıq. Oxşar nümunələr Türkiyə daxilində aparılan digər qazıntılarda da tapılıb. Bu, Anadoludan gələn texnologiya və sənətkarlığın əhəmiyyətini göstərir. Bu güzgülərin unikal xüsusiyyətləri onları texnoloji baxımdan xüsusi edir".
Qazıntılar həmçinin 10 000 illik Neolit dövrünə aid ilk küçənin üzə çıxarılmasına imkan verib. Arxeoloqların sözlərinə görə, bu kəşflər bölgənin qədim insan mədəniyyəti və texnoloji inkişafı haqqında mühüm məlumatlar təqdim edir.