Ailənin 20-ci övladı idi, yeriyə bilmirdi - Dünyanın ən sürətli qadının HƏYATI
Maraqlı
Dünyanın ən sürətli qadınlarından biri kimi tarixə düşən Vilma Rudolfun həyatı adi idman uğuru hekayəsindən çox fərqlənir. O, 20 yaşında üç Olimpiya qızılı qazanaraq adını idman tarixinə yazdırıb. Halbuki uşaqlığında keçirdiyi poliomielit səbəbindən uzun müddət ayağında xüsusi aparatla yaşamaq məcburiyyətində qalıb.
News24.az xəbər verir ki, Vilma Rudolf 1940-cı il iyunun 23-də ABŞ-ın Tennessi ştatında anadan olub. O, 22 uşaqlı ailənin 20-ci övladı idi. Maddi imkanları məhdud olan böyük ailədə böyüməklə yanaşı, uşaqlıq illərində sətəlcəm, skarlatina və poliomielit kimi ağır xəstəliklərlə də mübarizə aparıb.
Poliomielit xüsusilə onun sol ayağına ciddi təsir göstərib. Rudolf illərlə yerimək üçün xüsusi dəstək vasitəsindən istifadə edib. Həmin dövrdə ABŞ-da irqi ayrı-seçkiliyin geniş yayılması da onun müalicəyə çıxışını çətinləşdirib.
“World Athletics”in məlumatına görə, Rudolf müalicə üçün anası ilə birlikdə mütəmadi şəkildə Neşvill şəhərinə gedib-gəlməli olub. Bu səfərlərin ümumi məsafəsi təxminən 161 kilometr təşkil edib. Ailəsinin dəstəyi və uzunmüddətli reabilitasiyadan sonra o, yenidən sərbəst yeriməyə başlayıb.

Sağlamlığını bərpa etdikdən sonra Rudolf idmana böyük maraq göstərib. 11 yaşında basketbol oynamağa başlayıb. Qısa müddətdə onun atletika üzrə istedadı diqqət çəkib və Tennessi Dövlət Universitetinin məşhur məşqçisi Ed Templ onunla işləməyə başlayıb.
Vilma Rudolf cəmi 16 yaşında 1956-cı il Melburn Olimpiadasında iştirak edib. O, ABŞ-ın 4x100 metr estafet komandası ilə bürünc medal qazanıb. Dörd il sonra isə Roma Olimpiadasına dünyanın ən güclü sprinterlərindən biri kimi yollanıb.
Romada üç qızıl medal
1960-cı il Roma Olimpiadası Rudolfun karyerasının zirvəsi olub. O, 100 metr məsafəyə yarımfinal qaçışında 11,3 saniyə nəticə göstərərək dünya rekordunu təkrarlayıb. Finalda isə 11,0 saniyə nəticə ilə qızıl medal qazanıb.

Lakin həmin nəticə dünya rekordu kimi qeydə alınmayıb. Buna səbəb arxadan əsən küləyin sürətinin saniyədə 2,8 metr olması olub.
Rudolf Romada 200 metr məsafəyə qaçışda da qızıl medal əldə edib. Daha sonra ABŞ-ın 4x100 metr estafet komandasında yarışıb. Komanda seçmə mərhələsində dünya rekordu müəyyənləşdirib, finalda isə qızıl medal qazanıb.
Beləliklə, Vilma Rudolf bir Olimpiadada atletika üzrə üç qızıl medal qazanan ilk amerikalı qadın kimi tarixə düşüb.
Uğurunu irqi ayrı-seçkiliyə qarşı mübarizəyə çevirdi
Rudolfun böyük uğurla Romadan qayıtdığı dövrdə ABŞ-da ağdərililər və qaradərililər arasında ciddi ayrı-seçkilik mövcud idi.
Doğma Klarksvill şəhərində onun şərəfinə böyük tədbir təşkil olunması planlaşdırılanda Rudolf bir şərt irəli sürüb. O bildirib ki, tədbirə yalnız qaradərililərlə ağdərililər birlikdə qatıla biləcəyi halda gələcək.
_1791041562.jpg)
Onun bu tələbi qəbul olunub və tədbir şəhərdə qaradərililərlə ağdərililərin birlikdə iştirak etdiyi mühüm mərasimlərdən birinə çevrilib.
1960-cı il Roma Olimpiadasından sonra bütün dünyada “dünyanın ən sürətli qadını” kimi tanınan Vilma Rudolf təkcə idman nailiyyətləri ilə deyil, sosial bərabərlik istiqamətində göstərdiyi mövqeyi ilə də tarixdə iz qoyub.