Arılar niyə su içir? – Çoxlarının bilmədiyi faktlar

Arılar niyə su içir? – Çoxlarının bilmədiyi faktlar Maraqlı

Arıların təbiətdəki rolu əvəzolunmazdır. Onlar bitkilərin tozlanmasını təmin etsələr də, koloniyalarını qorumaq üçün qida ilə yanaşı suya da ehtiyac duyurlar.

News24.az xəbər verir ki, bu barədə “Good Housekeeping” nəşri yazıb.

Mütəxəssislərin sözlərinə görə, nektarla qidalanan bir çox həşərat və bəzi arı növləri əlavə suya çox ehtiyac duymur, lakin böyük koloniyalarda yaşayan bal arıları üçün vəziyyət fərqlidir. Onların arasında su mənbələrini tapmaq və pətəyə daşımaqla məşğul olan xüsusi arılar olur.

Bildirilir ki, bal arıları sudan bir neçə məqsədlə istifadə edir. Su balı durulaşdıraraq onun istehlakını asanlaşdırır, həmçinin isti havalarda pətəyin temperaturunu tənzimləməyə və koloniyanı sərin saxlamağa kömək edir.

Arılar etibarlı su mənbəyi tapdıqda həmin yeri digər arılara da “bildirirlər” və sonradan eyni mənbəyə mütəmadi qayıdırlar. Ancaq bəzən bu, onların hovuz kimi təhlükəli yerlərə üz tutmasına və suda boğulmasına səbəb ola bilir.

Mütəxəssislər qeyd edirlər ki, arılar milyonlarla il ərzində şehdən, nektardan, gölməçələrdən və digər təbii mənbələrdən su tapmağa uyğunlaşıblar.

Bununla belə, quraq ərazilərdə yaşayanlar üçün həyətdə dayaz su qabı yerləşdirmək faydalı ola bilər. Su qabına təmiz daşlar qoyulması tövsiyə edilir ki, arılar onların üzərinə qonaraq təhlükəsiz şəkildə su içə bilsinlər.

Mütəxəssislər həmçinin suyun hər 5-6 gündən bir dəyişdirilməsini məsləhət görürlər. Bu, ağcaqanad sürfələrinin əmələ gəlməsinin qarşısını almağa kömək edir.