Baba Vanqanın 2026-cı il üçün bu iddiası gündəm oldu

Baba Vanqanın 2026-cı il üçün bu iddiası gündəm oldu Maraqlı

1996-cı ildə vəfat edən məşhur bolqar görücüsü Baba Vanqaya aid edilən gələcək proqnozları yenidən müzakirələrə səbəb olub. Xüsusilə 2026-cı ilin noyabrında yadplanetlilərlə ilk təmasın baş verəcəyi barədə iddialar diqqət çəkib.

News24.az xəbər verir ki, internetdə və sosial şəbəkələrdə yayılan iddialara əsasən, 2026-cı ilin noyabrında nəhəng kosmik aparat Yer atmosferinə daxil olacaq və bəşəriyyət ilk dəfə yerdənkənar varlıqlarla rəsmi təmas quracaq.

Lakin Baba Vanqanın bu tarixi dəqiq şəkildə proqnozlaşdırdığını təsdiqləyən etibarlı və yoxlanıla bilən mənbə mövcud deyil. Onun gələcəklə bağlı proqnozlarının sistemli, yazılı və təsdiqlənmiş arxivinin olmaması bu iddiaların doğruluğunu müəyyənləşdirməyi çətinləşdirir.

Baba Vanqanın qardaşı qızı Krasimira Stoyanovaya aid edilən bəzi məlumatlarda isə yerdənkənar həyatla təmasın 2026-cı ildə deyil, təxminən 200 il sonra baş verə biləcəyi bildirilir. Bu ziddiyyətlər görücüyə aid edilən proqnozların zamanla dəyişdirilərək və şişirdilərək yayıldığı ehtimalını gücləndirir.

Baba Vanqaya aid edilən və internetdə yayılan uzunmüddətli proqnozlar siyahısında başqa qeyri-adi iddialar da yer alır.

Belə ki, 2125-ci ildə dərin kosmosdan ilk siqnalların alınacağı, 2130-cu ildə isə yadplanetlilərin öyrətdikləri sayəsində su altında yaşayışın başlayacağı iddia edilir.

2221-ci ildə zaman səyahətinin sirrinin açılacağı, 2371-ci ildə böyük qıtlığın yaşanacağı və 2378-ci ildə yeni insan növünün meydana çıxacağı irəli sürülür.

4302-ci ildə şəhərlərin quruluşunun dəyişəcəyi və bütün xəstəliklərin müalicəsinin tapılacağı, 4308-ci ildə isə insan beyninin imkanlarının 34 faizə çatacağı və nifrət hissinin aradan qalxacağı iddia olunur.

Siyahıda yer alan digər proqnoza görə, 4599-cu ildə ölümsüzlük kəşf ediləcək, dünya əhalisi isə 340 milyarda çatacaq.

Qeyd edək ki, bu proqnozların Baba Vanqaya məxsus olduğunu təsdiqləyən etibarlı sübutlar yoxdur. Buna görə də onların gerçək gələcək proqnozları deyil, mənbəyi təsdiqlənməmiş iddialar kimi qiymətləndirilməsi daha doğrudur.