Bu ədviyyat niyə qızıldan da qiymətli sayılır?
Maraqlı
“Qırmızı qızıl” adlandırılan zəfəran dünyanın ən bahalı ədviyyatı olaraq qalır. Mütəxəssislərin məlumatına görə, yüksək keyfiyyətli zəfəranın bir qramının qiyməti 10-12 dollara qədər yüksələ bilər.
News24.az xəbər verir ki, zəfəran krokus çiçəyinin qırmızı rəngli dişiciklərindən əldə olunur. Hər çiçəkdə cəmi üç dişicik olduğu üçün məhsulun istehsalı son dərəcə çətin və zəhmət tələb edir.
Bildirilir ki, cəmi 1 kiloqram qurudulmuş zəfəran əldə etmək üçün təxminən 150 min çiçək əl ilə yığılmalıdır. Bundan əlavə, məhsulun toplanması mexanikləşdirilə bilmir. Fermerlər bir kiloqram zəfəran istehsal etmək üçün orta hesabla 400 saat əmək sərf edirlər.
Zəfəranın bahalılığına təsir edən digər amil isə onun çox qısa çiçəkləmə dövrüdür. Krokus payızda cəmi iki-üç həftə çiçək açır və məhsul günəş doğmamış toplanmalıdır.
Mütəxəssislər qeyd edirlər ki, zəfəran krokusu toxum vermədiyi üçün yeni bitkilər yalnız insanlar tərəfindən əkilən soğanaqlar vasitəsilə yetişdirilir. Bu səbəbdən zəfəran istehsalı tamamilə fermer əməyindən asılıdır.