Dünyanın ən sakit yeri: Burada öz qan axışınızı da eşidə bilərsiniz
Maraqlı
Yer kürəsində külək, heyvanlar və insanların yaratdığı daimi səslər səbəbindən tam sükut tapmaq çətin görünür. Lakin ABŞ-nin Havay adalarında yerləşən Haleakala krateri bu baxımdan istisnadır.
News24.az xəbər verir ki, Maui adasında, dəniz səviyyəsindən 3055 metr yüksəklikdə yerləşən bu nəhəng krater qeyri-adi səssizliyi ilə dünyanın ən sakit yerlərindən biri hesab olunur.
Kraterin dərin quruluşu küləyin qarşısını alır, ərazinin məhdud bitki örtüyü xışıltıları minimuma endirir, heyvanların azlığı isə ətraf səslərin demək olar ki, tamamilə yox olmasına səbəb olur.
ABŞ Milli Parklar Xidmətinin məlumatına görə, burada səslilik bəzən cəmi 10 desibelə düşür. Bu səviyyədə insan öz qan axışını və ürək döyüntüsünü eşidə bilir.
Kraterin uzaq nöqtələrində aparılan ölçmələr fon səs-küyünün təxminən 21 desibel olduğunu göstərib, bəzi hissələrdə isə səslər daha da aşağı səviyyəyə enir.