Əksəriyyət bu səhvi edir: Göbələyi belə yumaq yeməyinizi korlayır

Əksəriyyət bu səhvi edir: Göbələyi belə yumaq yeməyinizi korlayır Maraqlı

Bir çox evdar qadın göbələyi tavaya qoymazdan əvvəl ciddi səhvə yol verir. Onlar torpaq qalıqlarını təmizləmək üçün göbələyi süzgəcə tökərək güclü su axını altında yuyurlar, lakin peşəkar aşpazlar xəbərdarlıq edirlər ki, bu, yeməyin dadını və teksturasını tamamilə korlaya bilər.

News24.az xəbər verir ki, “Newsweek” nəşrinin yazdığına görə, göbələklərin, xüsusilə şampinyon və ağ göbələyin təxminən 90 faizi sudan ibarətdir. Onların məsaməli quruluşu mətbəx süngəri kimi işlədiyindən axar suyun altında çox qısa müddətdə artıq nəmi özünə çəkir.

Nəticədə göbələk öz təbii ətrini və zəngin dadını itirir, sulu və dadsız olur.

Mütəxəssislər bildirirlər ki, artıq su hopmuş göbələklər isti tavaya düşdükdə qızarmaq əvəzinə tərkibindəki suyu buraxmağa başlayır. Belə olduqda onlar qızarmır, öz suyunda bişir, xırtıldayan qızılı qabıq əmələ gəlmir, teksturası pozulur və göbələk rezin kimi bərk, yapışqan hala düşür.

Bu səbəbdən aşpazlar göbələyi yumağı deyil, quru təmizləmə üsulunu tövsiyə edirlər. Torpaq və digər çirkləri təmizləmək üçün göbələyin səthini yüngülcə nəm mətbəx dəsmalı və ya yumşaq fırça ilə silmək kifayətdir.

Əgər göbələyin hansısa hissəsi həddindən artıq çirklidirsə və təmizlənmirsə, həmin hissəni bıçaqla kəsib atmaq məsləhətdir. Bu üsul göbələyin təbii dadını, ətrini və ideal teksturasını qorumağa kömək edir.