Ən qədim balıq yemi bu göldə tapıldı
Maraqlı
İrkutsk Milli Tədqiqat Texniki Universiteti və İrkutsk Dövlət Universitetinin alimləri Baykal gölü ətrafında aparılan arxeoloji qazıntılar zamanı qədim balıq yemi aşkar ediblər. Daşdan hazırlanmış artefaktın bir neçə min il yaşı olduğu ehtimal edilir.
News24.az-ın məlumatına görə, ərazidə arxeoloji qazıntılara 2010-cu ildə başlanılıb. Həmin vaxtdan bəri tədqiqatçılar burada insan qalıqları və çoxsaylı qədim əşyalar aşkarlayıblar. Dəfn sahəsinin 7 500 ildən çox yaşı olduğu güman edilir. Abidə qədim ovçu və balıqçı mədəniyyəti ilə əlaqələndirilən Xotoruk abidələri qrupuna daxildir.
Tədqiqatçılar təxminən 4,85 santimetr uzunluğunda olan daş fiqurun balıq formasında hazırlandığını bildiriblər. Əşyanın üzərində balığın başı, ağzı və gözləri detallı şəkildə işlənib. Fiqurun orta hissəsindəki oyuğun isə onu balıqçılıq alətinə bərkitmək üçün nəzərdə tutulduğu ehtimal edilir.
Alimlərin fikrincə, bu tapıntı erkən neolit dövründə yaşayan insanların balıq ovlamaq üçün daşdan hazırlanmış süni yemlərdən istifadə etdiyini göstərir. Baykal ətrafındakı digər arxeoloji abidələrdə də oxşar fiqurlar aşkar olunub. Yeni tapıntı bölgədə bu cür yemlərdən istifadənin əvvəllər məlum olan nümunələrlə müqayisədə ən azı 150 il daha qədimə gedib çıxdığını göstərir.