Ev şəraitində qızıl istehsalı mümkündürmü?
Maraqlı
Qızılın dəyəri və cazibəsi yalnız iqtisadi deyil, eyni zamanda elmi baxımdan da maraq doğurur. Yüzillər boyunca simyacılar daha ucuz metallar, məsələn, misdən qızıl əldə etməyə çalışıblar. Lakin bu gün elm sübut edir ki, bir elementi digərinə çevirmək yalnız nüvə reaksiyaları vasitəsilə baş verə bilər — bu isə nə evdə, nə də gündəlik laboratoriyalarda mümkündür.
Bu barədə News24.az Milliyet-ə istinadən xəbər verir.
İstanbul Texniki Universitetinin Fizika Bölümünün müəllimi Prof. Dr. Kazım Yavuz Ekşi bildirir ki, qızıl təbii olaraq Yer kürəsində yaranmayıb. Qızılın əsası kainatın dərinliklərində, neytron ulduzlarının — xüsusilə "magnetar" adlanan güclü maqnit sahəsinə malik obyektlərin toqquşması nəticəsində formalaşıb. Bu ulduzlar toqquşduqdan sonra əmələ gələn ağır elementlər, o cümlədən qızıl, milyonlarla illik kosmik səyahətdən sonra meteoritlər vasitəsilə Yerə çatıb.
Bu gün CERN kimi qabaqcıl elmi mərkəzlərdə nüvə reaksiyaları yolu ilə çox kiçik miqdarda qızıl əldə olunsa da, bu proses son dərəcə mürəkkəb, bahalı və təhlükəlidir. Həm də alınan qızıl miqdarı praktik istifadə üçün yetersizdir. Yəni evdə, məişət şəraitində qızıl yaratmaq elmi və texniki baxımdan qeyri-mümkündür.
Elm adamları bu məsələni yalnız qızılın mənşəyini deyil, eyni zamanda kainatda maddənin necə formalaşdığını anlamaq baxımından da önəmli hesab edirlər. Beləliklə, qızıl həm iqtisadi sərvət, həm də elmi sirr olaraq dəyərləndirilir — ancaq evdə əldə olunan bir məhsul deyil.
Xeyrənsə Piriyeva