"Google"dan yenilik: artıq bu əməliyyat üçün yeni hesab gərək olmayacaq
Maraqlı
“Google” “Gmail” istifadəçiləri üçün mühüm yeniliyin mərhələli şəkildə tətbiqinə başlayıb. Yeni funksiya istifadəçilərə hesabı və bütün məlumatları itirmədən “Gmail” ünvanını dəyişməyə imkan verəcək.
News24.az xəbər verir ki, indiyədək "@gmail.com" ünvanı olan istifadəçilər e-poçt adını dəyişmək istədikdə yeni hesab yaratmağa məcbur qalırdılar. Yeni funksiya ilə isə birbaşa “Gmail” loqinini dəyişmək mümkün olacaq. Köhnə e-poçt ünvanı silinməyəcək, ləqəb kimi qalacaq və məktublar həm yeni, həm də əvvəlki ünvana daxil olacaq. Hesabla bağlı bütün məlumatlar — məktublar, fayllar, fotolar və “Google” xidmətlərinə çıxış — olduğu kimi saxlanılacaq.
Bununla yanaşı, bəzi məhdudiyyətlər də olacaq. Belə ki, “Gmail” ünvanını maksimum 3 dəfə dəyişmək mümkün olacaq, ünvan dəyişdirildikdən sonra 12 ay ərzində yeni ünvanı silmək və ya köhnə adla yeni hesab yaratmaq qadağan ediləcək və köhnə e-poçt ünvanı istifadəçiyə məxsus qalacaq və başqa şəxslər üçün əlçatan olmayacaq.
Hazırda bu funksiyanın təsviri yalnız “Google”un hind dilindəki yardım səhifələrində yer alıb. Lakin rəsmi təqdimatdan sonra funksiyanın digər ölkələrdə də istifadəyə veriləcəyi gözlənilir.