"Heç Amerika və Avropada belə qiymətə ev və villalar yoxdur" - Nura Suri
Maraqlı
“Mərdəkan, Şüvəlan tərəfdə torpaq qalmayıb. Hamısını alıb, zövqsüz evlər tikib, od qiymətinə satırlar. Bir nəfər də demir ki, bu ərazini niyə bu qədər bərbad vəziyyətə salmısınız? Axı olmazmı ki, digər ölkələrdə olduğu kimi, bizdə də hər şəhərin, bölgənin, kəndin əvvəlcədən müəyyən edilmiş bir dizaynı, rəng palitrası olsun? Və insanlar ev tikərkən həmin layihəyə uyğun şəkildə tikintiyə icazə alsınlar? Heyif deyil o torpaqlar?!”
News24.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial media hesabında paylaşıb.
O, Bakının bir sıra qəsəbələrində ev qiymətlərinin süni şəkildə şişirdilməsindən və tikililərin estetik baxımdan zövqsüzlüyündən şikayətlənib:
“2-3 makler gəzir ortalıqda – torpağı ucuz qiymətə alıb, 3-4 sota bölür, sonra da bir-birinə bənzər, keyfiyyətsiz və zövqsüz evlər tikir. Daha sonra 350 min manatdan- 2 milyonadək qiymətlərlə satışa çıxarırlar. Bu adamların arxasında duranların pulları var, amma insaf və zövqləri yoxdur”,- deyə o əlavə edib.
Müğənni bildirib ki, zövqlü və bağlı şəhərciklər tikənlər də var, amma qiymətlər o qədər yüksəkdir ki, heç Amerika və Avropada elə qiymətə ev və villalar yoxdur.