"iPhone 17"-nin cızıqlarını bu yolla yox etmək olur

"iPhone 17"-nin cızıqlarını bu yolla yox etmək olur Maraqlı

“Apple” şirkətinin yeni satışa çıxardığı “iPhone 17 Pro” və “iPhone 17 Pro Max” smartfonlarında gözlənilməz problem meydana çıxıb. 

News24.az xarici KİV-ə istinadla xəbər verir ki, şirkətin rəsmi mağazalarında nümayiş üçün qoyulmuş smartfon modellərinin arxa panelində istifadənin ilk saatlarında nəzərəçarpacaq cızıqlar yaranıb.

“Bloomberg”-in əldə etdiyi daxili təlimatlara əsasən, şirkət əməkdaşlara cihazların səthini müntəzəm olaraq silməyi, həmçinin bunun üçün duz əlavə edilmiş xüsusi təmizləyici məhluldan istifadə etməyi tövsiyə edir.

“9to5Mac” mütəxəssisləri bu üsulu sınaqdan keçirib və onun effektivliyini təsdiqləyiblər. Duzlu məhlulla işlənildikdən sonra anodlaşdırılmış alüminium korpusdakı cızıqlar həqiqətən də yoxa çıxır.

“Apple” nümayəndələri cızıqların yaranmasını materialın qüsuru ilə deyil, nümayiş stendlərində istifadə olunan maqnitli tutacaqların konstruksiyası ilə izah ediblər. Şirkətin versiyasına görə, cihazların arxa səthindəki izlər, telefonların dəfələrlə götürülüb-qoyulması zamanı köhnəlmiş tutacaqlardan qopan hissəciklərin korpusa toxunması nəticəsində yaranır.

Çin mağazalarında bu problem qismən həll edilib. Tutacaqlar xüsusi silikon örtüklərlə təchiz olunub və beləliklə, metal elementlərin “iPhone”-un korpusu ilə birbaşa təmasda olmasının qarşısı alınır.

Problemin geniş yayılmasına baxmayaraq, “Apple” bunu avadanlığın kütləvi şəkildə dəyişdirilməsi və ya smartfonların konstruksiyasına dəyişiklik edilməsi üçün yetərincə ciddi səbəb hesab etmir.