“Mavi ölüm ekranı” tarixə qovuşur
Maraqlı
“Microsoft” şirkəti istifadəçiləri kritik səhvlərdən qorumaq üçün yeni üsul tapıb.
News24.az xəbər verir ki, bu barədə “Bleeping Computer” nəşri məlumat yayıb.
“Mavi ölüm ekranı” (BSoD) “Windows” əməliyyat sistemində kritik səhvlərin olduğunu göstərir. Şirkətdən bildirilib ki, tezliklə əməliyyat sisteminə belə səhvlərin səbəblərini təhlil edərək gələcəkdə onların qarşısını almağa kömək edəcək yeni funksiya əlavə olunacaq.
“Microsoft” nümayəndələrinin sözlərinə görə, BSoD göründükdən sonra kompüter istifadəçiyə operativ yaddaşı diaqnostika etməyi təklif edəcək. Mühəndislər qeyd ediblər ki, kritik səhvlərin çoxu məhz yaddaşla bağlı olur, buna görə də BSoD baş verdikdən sonra bu komponentin qabaqlayıcı şəkildə yoxlanılması məqsədəuyğundur.
Yaddaşın skan edilməsi təxminən 5 dəqiqə çəkir və bu funksiya cihaz növbəti dəfə işə salındıqda avtomatik olaraq başlayır.
Lakin istifadəçi istəsə, bu prosesi ləğv edə bilər. Əgər “Windows” problemi aradan qaldırarsa, bu barədə istifadəçiyə məlumat veriləcək. Hazırda yeni funksiya yalnız “Windows”un beta proqramının iştirakçıları üçün əlçatandır.