Nuhun gəmisi tapıldı? - Alimdən açıqlama
Maraqlı
Alimlər Ağrı dağında Nuhun gəmisinin axtarışı üzrə bu mövsümün işlərini başa çatdırıb və nümunələri laborator analiz üçün göndəriblər.
News24.az xəbər verir ki, ekspedisiyanın rəhbəri, Sivas Cümhuriyyət Universitetinin professoru Cenker Atilla analizlərin nəticələrinin sensasion ola biləcəyini bildirib.
Araşdırmalar Ağrı dağının yaxınlığındakı Doğubəyazid rayonunda yerləşən Durupınar formasiyasında aparılıb. Tədqiqatçılar yeraltı skan sistemlərindən, 2D və 3D xəritələşdirmədən, həmçinin GPS texnologiyasından istifadə ediblər. Təxminən 90 gün davam edən işlərdə beş ölkədən 20 alim iştirak edib.
Ekspedisiya zamanı təxminən 150 müxtəlif nöqtədən 1 000-ə yaxın torpaq nümunəsi götürülüb.
Atillanın sözlərinə görə, nümunələrin bir hissəsi artıq Ankaraya göndərilib. Mütəxəssislər torpaqda üzvi maddələrin və ağac qalıqlarının olub-olmadığını araşdıracaqlar.
Alim bildirib ki, karbon analizləri vasitəsilə ərazidə həqiqətən gəminin olub-olmadığını müəyyənləşdirmək mümkün olacaq. Nəticələrin qış aylarında açıqlanması gözlənilir.
Atilla qeyd edib ki, hələ 100 faizlik nəticə əldə edilməyib, lakin tədqiqatçıların fikrincə, bəşəriyyəti təəccübləndirə biləcək məlumatlar əldə olunub. Onun sözlərinə görə, nəticələr yaxın vaxtlarda elmi məqalələrdə və kitablarda dərc ediləcək.
Bununla belə, Nuhun gəmisinin mövcudluğunu təsdiqləyən elmi sübut hələ yoxdur.
İndiyədək araşdırmalar zamanı ağac, mismar və ya açıq şəkildə insan tərəfindən hazırlanmış materiallar aşkar edilməyib.