"Samsung" istifadəçilərinə bəd xəbər

"Samsung" istifadəçilərinə bəd xəbər Maraqlı

"Samsung" smartfonlarının bəzi istifadəçiləri One UI 9 proqram yeniləməsini quraşdırdıqdan sonra cihazlarına daxil ola bilmir. Yeniləmədən sonra yaranan xəta telefonların ilkin quraşdırılmasını tamamlamağa mane olur.

News24.az xəbər verir ki, bu barədə “Android Authority” nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, problem barədə şikayətlər yeniləmənin yayımlanmasından sonra artmağa başlayıb. “Reddit” platformasında paylaşılan məlumatlarda istifadəçilər telefonlarını yenidən başlatdıqdan sonra "Xoş gəlmisiniz" ekranında “Giriş qadağan edildi” xətası ilə qarşılaşdıqlarını bildiriblər.

Problemin Galaxy S24, S25 və S26 seriyalarının, eləcə də, qatlanan smartfon modellərinin bəzi istifadəçilərində müşahidə olunduğu qeyd edilir. Hələlik nasazlıqdan neçə cihazın təsirləndiyi barədə dəqiq məlumat yoxdur.

İstifadəçilərin paylaşdıqları məlumata əsasən, problemin aradan qaldırılması üçün mümkün həll yollarından biri telefonu müvəqqəti olaraq internetdən ayırmaqdır. Bunun üçün həm Wi-Fi, həm də mobil internet bağlantısını söndürərək ilkin quraşdırmanı tamamlamağa cəhd etmək tövsiyə olunur.

Digər mümkün variant isə cihazı Təhlükəsiz rejimdə (Safe Mode) işə salmaqdır. Bildirilir ki, bu üsullarla problemin həlli mümkün olarsa, telefonu zavod parametrlərinə qaytarmağa ehtiyac qalmaya bilər.