Tatu etdirənlərin nəzərinə! - Təhlükədəsiniz
Maraqlı
Tatuların orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb.
News24.az xəbər verir ki, araşdırma zamanı məlum olub ki, tatu edilərkən dərinin altına yeridilən piqmentlər immun sistemə təsir göstərə bilər.
Alimlər qeyd ediblər ki, tatu mürəkkəbləri kimyəvi qarışıqlardır. Onların tərkibinə piqmentlər, həlledicilər və əlavələr daxildir, həmçinin onda nikel, xrom, kobalt və hətta qurğuşun kimi ağır metallar ola bilər.
Bu maddələrin bir çoxu ilkin olaraq insan orqanizmi üçün yox, sənaye məqsədləri üçün məsələn, boyalar və ya plastiklər üçün hazırlanıb.
Dərinin altına yeridildikdən sonra piqment hissəcikləri yerində qalmır. İmmun hüceyrələri onları aradan qaldırmağa çalışır, lakin tam parçalaya bilmir. Nəticədə boya toxumalarda qalır və tatu uzunömürlü olur.
Bununla yanaşı, bəzi hissəciklər limfa düyünlərində toplana bilər.
Son araşdırmalara görə, bu piqmentlər uzunmüddətli iltihab yarada və immun sisteminin fəaliyyətinə təsir göstərə bilər.
Xüsusilə, alimlər müəyyən ediblər ki, vaksin vurulan nahiyədə tatu mürəkkəbinin olması peyvəndlərə reaksiyanı zəiflədə bilər.
Tədqiqatçılar boyaların tərkibinə xüsusi diqqət yetiriblər.
Məsələn, azoboyalar ultrabənövşəyi şüaların təsiri altında və ya tatu lazerlə silinərkən parçalanıb kansorogen təsirli zərərli maddələr yarada bilər.
Qara piqmentlərdə olan karbon isə bəzən tüstü və avtomobil qazlarında rast gəlinən maddələri ehtiva edir və bunlar da potensial təhlükəli sayılır.
Ekspertlər bildiriblər ki, insanların əksəriyyəti üçün tatular ciddi fəsadlara səbəb olmur, lakin onları tam təhlükəsiz hesab etmək də düzgün deyil.
Tatuların populyarlığı artdıqca, alimlər mürəkkəblərin tərkibinə daha ciddi nəzarət edilməsini və onların orqanizmə təsirinin daha dərindən öyrənilməsini tövsiyə edirlər. /The Conversation/