Tutun gizli faydaları ortaya çıxdı

Tutun gizli faydaları ortaya çıxdı Maraqlı

Tutun bağırsaq mikrobiotasına təsiri araşdırılıb.

News24.az xəbər verir ki, bununla bağlıVrotslav Tibb Universitetinin alimləri araşdırma aparıblar.

Məlum olub ki, tutun bağırsaq mikrobiotasına və onunla əlaqəli maddələr mübadiləsinə təsir göstərə bilər.

Tut polifenollar və polisaxaridlərlə zəngindir.

Yarpaqlarında karbohidrat mübadiləsinə təsir edən 1-dezoksinoyrimisinin (DNJ), qara tut meyvələrində isə antosianinlər və digər fenol birləşmələrinin olduğu bildirilib.

Araşdırmalara əsasən, tutdan hazırlanan məhsullar bağırsaqdakı faydalı bakteriyaların sayını artıra və asetat, propionat və butirat kimi qısa zəncirli yağ turşularının yaranmasını stimullaşdıra bilər.

Bu dəyişikliklər bəzi hallarda karbohidrat və yağ mübadiləsinin yaxşılaşması ilə əlaqələndirilib.

Siçanlar üzərində aparılan təcrübələrdə ağ tut meyvələrinin yüksək yağlı qidalanmanın yaratdığı bəzi metabolik pozuntulara və bağırsaq sağlamlığına müsbət təsir göstərdiyi müşahidə olunub.

Lakin nəticənin meyvənin növündən, istifadə olunan hissəsindən, həmçinin qurutma, fermentasiya və ekstraksiya üsullarından asılı olduğu vurğulanır.

Alimlər bildiriblər ki, bu nəticələri hələ insanlar üçün sağlamlıq faydası kimi qəbul etmək olmaz. Mövcud məlumatların böyük hissəsi heyvanlar və laboratoriya tədqiqatlarından əldə edilib. Tutdan hazırlanan preparatların insan bağırsaq mikrobiotasına təsirini birbaşa araşdıran klinik tədqiqatlar isə hələ aparılmayıb.