Təyyarədə niyə sərnişinlərə paraşüt verilmir? – Səbəblər açıqlandı

Təyyarədə niyə sərnişinlərə paraşüt verilmir? – Səbəblər açıqlandı Maraqlı

Paraşütlər uzun illərdir aviasiyada istifadə olunsa da və minlərlə pilotun həyatını xilas etsə də, kommersiya reyslərinin sərnişinlərinə bu avadanlıq təqdim edilmir.

News24.az xəbər verir ki, “Slash Gear” nəşrinə danışan mütəxəssislərin sözlərinə görə, ilk baxışda cəlbedici görünən bu fikir real uçuş şəraitində demək olar ki, tətbiq oluna bilmir.

Kommersiya təyyarələri adətən 10-12 kilometr yüksəklikdə uçur. Bu hündürlükdə havanın temperaturu təxminən -50°C olur və xüsusi oksigen sistemi olmadan nəfəs almaq mümkün deyil. Üstəlik, təyyarənin sürəti saatda yüzlərlə kilometrə çatdığından hazırlıqsız insan üçün tullanış son dərəcə təhlükəlidir.

“Hazırlığı olmayan yüzlərlə sərnişinin -50°C temperaturda və təxminən 800 km/saat sürətlə hava axınına tullanması yaxşı nəticə verəcək ssenari deyil”, – deyə materialda qeyd olunur.

Təyyarə tullanış üçün münasib yüksəklikdə olsa belə, yüzlərlə sərnişinin qısa müddətdə təhlükəsiz şəkildə təyyarəni tərk etməsini təşkil etmək demək olar ki, mümkün deyil. Bundan əlavə, sərnişinlərin əksəriyyətinin paraşütlə tullanış təcrübəsi yoxdur.

Aviasiya mütəxəssisləri bildirirlər ki, müasir hava nəqliyyatı artıq ən təhlükəsiz nəqliyyat növlərindən biridir və paraşütlərin əlavə edilməsi təhlükəsizliyi artırmaq əvəzinə yeni risklər yarada bilər.

Bəzi şəxsi təyyarələrdə bütün hava gəmisini xilas etməyə yönələn xüsusi paraşüt sistemləri tətbiq edilsə də, onların çəkisi, yüksək qiyməti və məhdud effektivliyi səbəbindən kommersiya aviasiyasında istifadə olunmur.