Valideynlərin etdiyi bu səhvlər uşağın gələcəyini dəyişə bilər

Valideynlərin etdiyi bu səhvlər uşağın gələcəyini dəyişə bilər Maraqlı

Uşaqlar təkcə valideynlərinin onlara dediyi sözləri deyil, gündəlik davranışlarını da diqqətlə izləyir və onlardan nəticə çıxarırlar. Mütəxəssislərin fikrincə, böyüklərin adi görünən hərəkətləri uşağın özünəinamına, dəyərlərinə və gələcək vərdişlərinə ciddi təsir göstərə bilər.

News24.az xəbər verir ki, bu barədə “HuffPost” nəşri psixoloq və uşaq inkişafı üzrə mütəxəssislərin rəylərinə əsaslanan məqalə dərc edib.

Psixoloq Cazmin Makkoyun sözlərinə görə, valideynlər övladlarının yanında digər valideyn və ya uşağın qayğısına qalan şəxslər haqqında neqativ danışmamalıdırlar. O bildirib ki, uşaqlar başqa otaqda olsalar belə, bu söhbətləri eşidə və onlardan təsirlənə bilərlər.

Mütəxəssislərin fikrincə, uşaqlar xüsusilə aşağıdakı davranışlara diqqət yetirirlər:

Valideynlərin bir-birinə münasibəti. Sarkazm, narazı baxışlar və ya istehzalı ifadələr uşağın özünü təhlükəsiz hiss etməsinə mənfi təsir göstərə bilər.

Bədənə münasibət. Valideynlərin öz görünüşündən narazı olması və ya daim pəhrizdən danışması uşağın da bədəni ilə bağlı mənfi düşüncələr formalaşdırmasına səbəb ola bilər.

Real həyat dəyərləri. Uşaqlar sözlərdən çox davranışlara inanırlar. Valideynlərin əməlləri onlar üçün əsas nümunəyə çevrilir.

Özünə qarşı münasibət. Valideyn daim özünü tənqid edirsə və səhvlərini qəbul etmirsə, uşaq da eyni davranışı mənimsəyə bilər.

Qidalanma vərdişləri. Yeməkləri "yaxşı" və "pis" kimi qiymətləndirmək, yeməkdən sonra günahkarlıq hissi keçirmək və ya qidalanmanı məhdudlaşdırmaq uşağın gələcək qidalanma davranışına təsir edir.

Uşaq haqqında danışıq tərzi. Valideynlərin övladını digər böyüklərlə necə müzakirə etməsi də uşağın emosional vəziyyətinə təsir göstərir. Hətta uşaq bütün sözləri anlamasa belə, danışığın emosional tonunu hiss edir.

Psixoloqlar hesab edirlər ki, valideynlər uşaqlara düzgün dəyərləri aşılamaq istəyirlərsə, bunu ilk növbədə öz gündəlik davranışlarında nümayiş etdirməlidirlər.