"WhatsApp"-da yeni dövr başlayır

"WhatsApp"-da yeni dövr başlayır Maraqlı

Dünyanın ən populyar mesajlaşma platforması olan “WhatsApp”-ın rəhbəri vəzifəsindən istefa verib.

News24.az xəbər verir ki, təxminən yeddi il “Meta”ya məxsus bu platformaya rəhbərlik edən Uill Katkart bu barədə sosial şəbəkədə paylaşım edib: “WhatsApp” özünün ən güclü dövrünü yaşayır və ayrılmaq üçün doğru zaman gəldiyini düşünürəm”.

Məlumata görə, Katkart “Meta” daxilində başqa bir görəvdə fəaliyyətini davam etdirəcək.

Onun yerinə isə Hindistanın “Fintech” startapı olan “Cred” şirkətinin qurucusu Kunal Şah təyin olunub.

“Meta”-nın baş direktoru Mark Zukerberq də bildirib ki, Kunal Şah Hindistanın ən mühüm texnologiya şirkətlərindən birini qurub və onun qlobal baxışı ilə innovativ yanaşması dünyanın ən böyük mesajlaşma tətbiqinin idarə olunmasına mühüm töhfə verəcək.

Zukerberq əlavə edib ki, milyardlarla istifadəçi və biznes üçün “WhatsApp”-ı daha da inkişaf etdirmək məqsədilə yeni rəhbərlə işləməyi səbirsizliklə gözləyir.

Müşahidəçilərin fikrincə, “WhatsApp” rəhbərliyindəki bu dəyişiklik “Meta”-nın tətbiqin ən güclü olduğu Hindistan bazarındakı mövqeyini daha da möhkəmləndirmək strategiyasının bir hissəsidir. Təxminən 853 milyon istifadəçisi ilə Hindistan “WhatsApp”-ın dünyadakı ən böyük bazarı hesab olunur.

“Meta” son dövrlərdə reklamlar, ödənişli abunəliklər və süni intellekt alətləri vasitəsilə “WhatsApp”-dan əldə etdiyi gəlirləri artırmağa çalışır. Şirkət eyni zamanda Hindistanda məlumat paylaşımı və məxfilik siyasəti ilə bağlı hüquqi araşdırmaların yaratdığı çətinlikləri də aradan qaldırmağı hədəfləyir. /CNN Türk/