"Windows" istifadəçilərinə xəbərdarlıq: Bu yeniləmələri quraşdırmasanız...
Maraqlı
Bir çox istifadəçi "Windows" əməliyyat sisteminin yeniləmələrini quraşdırmağa tələsmir. Buna səbəb bəzi yeniləmələrin sistemdə xətalara, donmalara və hətta “mavi ekran” probleminə səbəb ola bilməsidir, lakin mütəxəssislər bildirirlər ki, yeniləmələr yalnız yeni funksiyalar gətirmir, həm də təhlükəli boşluqları aradan qaldırır.
News24.az xəbər verir ki, “BGR” mütəxəssislərinə görə, "Windows" yeniləmələrindən imtina etmək dərhal problem yaratmaya bilər. Kompüter və proqramlar normal işləməyə davam edə bilər, lakin bu zaman kibercinayətkarların istifadə edə biləcəyi məlum təhlükəsizlik boşluqları açıq qalır.
Yenilənməyən kompüterlər zərərli kodların uzaqdan işə salınması, administrator hüquqlarının ələ keçirilməsi, "ransomware" proqramlarının quraşdırılması və sistemə hücumlar üçün daha əlverişli hədəfə çevrilə bilər.
Bunun ən məşhur nümunələrindən biri 2017-ci ildə dünyada geniş yayılan "WannaCry" virusudur. Həmin vaxt “Microsoft” sözügedən zəifliyi aradan qaldıran yeniləməni artıq yayımlamışdı, lakin bir çox kompüterdə yeniləmə quraşdırılmadığından virus 150 ölkədə 300 mindən çox kompüterə təsir göstərmişdi.
Mütəxəssislər bildirirlər ki, kompüter normal işləsə belə, köhnəlmiş "Windows" versiyası məlumat oğurluğu, virus və gizli kiberhücumlar qarşısında daha müdafiəsizdir.
Qeyd edək ki, iyulun ortalarında "Windows 10" və "Windows 11" üçün genişmiqyaslı yeniləmə yayımlanıb. “Microsoft” bu yeniləmə ilə 570 təhlükəsizlik boşluğunu, o cümlədən 61 kritik səhvi və üç “zero-day” boşluğunu aradan qaldırıb.