Yayda telefonunuzun ömrünü qısaldan 7 səhv
Maraqlı
Yüksək temperatur təkcə insanlar üçün deyil, smartfonlar üçün də təhlükə yaradır. Mütəxəssislər bildirirlər ki, 35 dərəcə və daha yüksək istilik batareyanın ömrünü azalda, cihazın məhsuldarlığını zəiflədə və hətta onun qəfil sönməsinə səbəb ola bilər.
News24.az xəbər verir ki, bu barədə "HowToGeek" məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, telefonun həddindən artıq qızmasının əsas səbəbi onun uzun müddət günəş altında qalmasıdır. Xüsusilə cihazın avtomobilin ön panelində saxlanılması tövsiyə edilmir. Belə şəraitdə temperatur açıq havadakı göstəricidən xeyli yüksək ola bilər.
Mütəxəssislər smartfonu çantada və ya cibdə saxlamağı, nəzarətsiz qoymaq lazım gəldikdə isə kölgəli və sərin yer seçməyi məsləhət görürlər. Bildirilir ki, qalın qoruyucu qablar zərbələrdən qorusa da, yay aylarında istiliyin kənara ötürülməsinə mane olur. Telefon həddindən artıq qızdıqda qabın müvəqqəti çıxarılması, isti iqlimdə isə nazik silikon, TPU və ya nazik polikarbonat örtüklərdən istifadə edilməsi tövsiyə olunur.
Bundan başqa, oyun oynamaq, video montajı, uzun videobağlantılar və digər resurs tələb edən proqramlar prosessoru və batareyanı daha çox yüklədiyindən cihazın qızmasını sürətləndirir. Avtomobildə naviqasiyadan istifadə zamanı telefonun kondisionerin hava çıxışına yaxın yerləşdirilməsi, açıq havada isə istifadə olunmayan tətbiqlərin bağlanması məsləhət görülür.
Ekspertlər yay aylarında enerji qənaəti rejiminin aktivləşdirilməsini də faydalı hesab edirlər. Bu rejim prosessorun yükünü azaldır, fon rejimində işləyən tətbiqləri məhdudlaşdırır və nəticədə cihaz daha az istilik yaradır. Eyni zamanda ekran parlaqlığını azaltmaq, istifadə edilməyən geolokasiya xidmətlərini, fon yenilənmələrini və vizual effektləri söndürmək də tövsiyə edilir.
Telefon artıq həddindən artıq qızıbsa, onun istifadəsini dərhal dayandırmaq, günəşdən uzaqlaşdıraraq sərin və yaxşı havalandırılan yerə qoymaq lazımdır. Soyutmaq üçün ventilyatordan və ya avtomobildə kondisionerin soyuq hava axınından istifadə etmək mümkündür. Mütəxəssislər xəbərdarlıq edirlər ki, smartfon həddindən artıq qızma barədə bildiriş göndərərsə, buna laqeyd yanaşmaq olmaz. Sadə ehtiyat tədbirləri cihazın batareyasının ömrünü uzatmağa kömək edir.