Azərbaycan memarlığında ilk: Tarixi irs rəqəmsal platformaya köçürülür - DETALLAR
Mədəniyyət
Tarixi və memarlıq abidələrinin rəqəmsallaşdırılması
Azərbaycanda tarix və memarlıq abidələrinə dair məlumatların rəqəmsal mühitə köçürülməsi planlaşdırılır. Bu məsələ Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə əlaqədar təsdiqlənmiş Tədbirlər Planında yer alıb. Sənədə əsasən, ölkənin zəngin tarixi-mədəni və memarlıq irsinin müasir rəqəmsal platformalar vasitəsilə qorunması, sistemləşdirilməsi və həm yerli ictimaiyyətə, həm də beynəlxalq auditoriyaya təqdim olunması əsas məqsədlərdən biridir.
Rəqəmsallaşdırma nələri əhatə edəcək?
Mövzu ilə bağlı News24.az-a danışan memar Cahid Həsənov qeyd edib ki, bu proses tarixi memarlıq abidələrinin rəqəmsal sistemlər vasitəsilə cəmiyyətə, xüsusilə də dünya ictimaiyyətinə daha geniş və intensiv şəkildə çatdırılmasına xidmət edir:
“Bu təşəbbüs eyni zamanda ölkəyə turizmin cəlb edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə rəqəmsallaşdırmadan kənarda qalan sahələrin yalnız ənənəvi üsullarla tanıdılması həm məhdud imkanlar yaradır, həm də kifayət qədər effektiv olmur. Tarixi memarlıq abidələrinin rəqəmsallaşdırılması Azərbaycanın memarlıq irsinin dinindən, dilindən və coğrafiyasından asılı olmayaraq dünyanın hər yerində daha əlçatan və çoxşaxəli formada təqdim edilməsinə şərait yaradır”.

Dövlət proqramları və tədbirlər
Onun sözlərinə görə, memarlıq və şəhərsalma baxımından bu il çərçivəsində müxtəlif dövlət proqramları, planlar və beynəlxalq tədbirlər də nəzərdə tutulub:
“Bu tədbirlərlə paralel olaraq həyata keçiriləcək tikinti layihələri, yaşıllıq sahələrinin salınması, yaşıl zolaqların, parkların, xiyabanların, istirahət məkanlarının və yeni yaşayış məhəllələrinin yaradılması ilə yanaşı, tarixi memarlıq abidələrinin növbəti mərhələdə dünya ictimaiyyətinə daha sürətli və sistemli şəkildə təqdim edilməsi əsas prioritetlərdən biri kimi müəyyənləşdirilib”.
Prosesin vacibliyi və gecikməsi
Digər həmsöhbətimiz memar-dizayner Muxtar Vəlizadə isə bildirib ki, tarixi-mədəni irsin rəqəmsallaşdırılması əslində bir qədər gecikmiş addım hesab oluna bilər:
“Düşünürəm ki, bu prosesə daha əvvəl start verilməli idi. Çünki hazırda dünyada mədəni irs obyektləri, xüsusilə tarixi abidələr sürətlə rəqəmsal formata keçirilir. Rəqəmsallaşdırmadan sonra elektron platformalarda geniş imkanlar yaranır və insanlar turizm məqsədilə ölkəyə gəlmədən də milli mədəni irsimizlə virtual şəkildə tanış ola bilirlər. Hətta elmi tədqiqatların aparılması belə bu platformalar üzərindən mümkündür”.

Memar əlavə edib ki, müəyyən gecikmələrə baxmayaraq, görülən işlər müsbət və zəruridir:
“Azərbaycan kifayət qədər zəngin milli mədəni və memarlıq irsinə malikdir. Çoxlu sayda arxeoloji və memarlıq abidələrimiz var və onların bir qismi hələ də yalnız sənədlərdə mövcuddur, geniş ictimaiyyətə tam təqdim edilməyib. Bu səbəbdən həmin abidələrin rəqəmsallaşdırılması xüsusi əhəmiyyət kəsb edir”.