Ailə ilə nahar uşaqları zərərli vərdişlərdən qoruyur – Professor açıqladı
Sağlamlıq
Ailə ilə birlikdə nahar etmək uşaqların inkişafına müsbət təsir göstərir və onları zərərli vərdişlərdən qoruyur.
News24.az xəbər verir ki, bu barədə Uşaq Sağlamlığı və Xəstəlikləri üzrə mütəxəssis, professor Ahmet Güzel bildirib. Onun sözlərinə görə, ailə ilə eyni süfrə arxasında toplaşmaq yalnız qidalanma deyil, həm də uşağın gələcəyinə təsir edən mühüm amildir.
Mütəxəssis qeyd edib ki, həftədə ən azı 5 dəfə ailəsi ilə birlikdə yemək yeyən uşaqların akademik göstəriciləri və özünüifadə bacarıqları daha yüksək olur. Süfrə arxasında qurulan ünsiyyət onların problem həll etmə qabiliyyətini inkişaf etdirir və çətinlikləri ailə ilə bölüşməyi öyrədir
Onun sözlərinə görə, araşdırmalara əsasən, ailə bağları güclü olan uşaqlarda siqaret, alkoqol və narkotik asılılığı riski 30-50 faiz daha aşağıdır. Eyni zamanda, birgə keçirilən vaxt uşaqlarda psixoloji rahatlıq yaradır, tənhalıq hissini azaldır və təhlükəsizlik duyğusunu gücləndirir.
Professor vurğulayıb ki, uşaqların həm akademik, həm də sosial baxımdan sağlam inkişafı üçün ailə ilə birlikdə yemək vərdişi mühüm rol oynayır. (Sabah.com)
Nilufər