Ayaqların üşüməsi hansı xəstəliklərdən xəbər verir?
Sağlamlıq
Ayaqların tez-tez üşüməsinin əsas səbəbləri arasında bədənin soyuması, damar aterosklerozu, maddələr mübadiləsinin pozulması və anemiya göstərilir.
News24.az xəbər verir ki, hipotermiya zamanı damar spazmları yaranır, immun sistem zəifləyir və qan dövranı pozulur. Bu hal daha çox stres yaşayan, düzgün qidalanmayan, yuxu problemi olan və xroniki xəstəlikləri mövcud şəxslərdə rast gəlinir.
Ayaqlarda soyuqluq hissinin digər mühüm səbəbi aşağı ətraf damarlarının aterosklerozudur. Arteriyaların daralması qan axınını zəiflədir və nəticədə üşümə yaranır. Risk qrupuna ürək-damar xəstəlikləri olanlar, yaşlılar və şəkərli diabet xəstələri daxildir. Qeyd olunub ki, diabetdə qlükoza nəzarətsiz qaldıqda kapilyarlar zədələnir və toxumalara qan axını azalır.
Bundan əlavə, metabolik pozğunluqlar və anemiya da ayaqların üşüməsinə səbəb ola bilər. Endokrin problemlər istilik və enerji mübadiləsini zəiflədir, hemoqlobinin azalması və oksigen çatışmazlığı isə soyuqluq hissini daha da artırır.