Barmaqlardakı bu dəyişiklik xərçəng əlaməti ola bilər
Sağlamlıq
Ağciyər xərçəngi uzun müddət klassik simptomlar verməyə bilər, bəzi hallarda isə yeganə ilkin əlamət barmaqların formasında dəyişiklik ola bilər.
News24.az xəbər verir ki, bu tip simptomlar britaniyalı Brayn Gemmell adlı şəxsdə müşahidə edilib.
Məlumata görə, onun barmaq ucları diaqnoz qoyulmazdan xeyli əvvəl qalınlaşıb və dırnaqların forması dəyişib. Bu əlamət tibbdə uzun müddətdir tanınır və xüsusilə ağciyərlərin xroniki xəstəlikləri, o cümlədən onkoloji proseslərlə əlaqələndirilir.
Gemmell özü bu dəyişiklikləri yoxlamaq üçün sadə bir üsul tövsiyə edib:
“İki barmağı elə yaxınlaşdırmaq lazımdır ki, dırnaqlar bütün uzunluğu boyunca bir-birinə toxunsun. Normal halda onların arasında kiçik romb və ya pəncərəyə bənzər boşluq qalır. Əgər bu boşluq yoxdursa, yumşaq toxumalarda patoloji dəyişikliklər ola bilər".
Həkimlər isə bildirirlər ki, bu əlamət tanınsa da, spesifik göstərici deyil. Daha çox rast gəlinən simptomlar arasında 3 həftədən uzun çəkən öskürək, təngnəfəslik, xırıltı, tez-tez təkrarlanan tənəffüs yolu infeksiyaları, sinə və ya çiyin ağrısı, bəlğəmdə qan ola bilər.
Daha az rast gəlinən əlamətlərə isə xroniki yorğunluq, səsin batması, eləcə də üz və boyun nahiyəsində şişkinlik daxildir.