Bitki çayını düzgün dəmləməyin 5 əsas qaydası
Sağlamlıq
Son illərdə bitki çayları həm sağlamlıq üçün, həm də gündəlik rahatlıq üçün geniş populyarlıq qazanıb.
News24.az xəbər verir ki, mütəxəssislər çayın faydasını tam hiss etmək üçün onu düzgün dəmləməyin vacib olduğunu bildirirlər. Bunun üçün bir neçə əsas qaydaya riayət etmək lazımdır.
Əvvəlcə, istifadə olunacaq bitkilərin keyfiyyəti çox önəmlidir. Təcrübəli mütəxəssislər tövsiyə edirlər ki, çay üçün yalnız təzə və tam qurudulmuş bitkilər seçilməlidir. Hər fincan üçün bir-iki çay qaşığı quru bitki kifayət edir, təzə bitkilərdən isə iki-üç dəfə daha çox istifadə etmək lazımdır. Çaylardan paket formada da rahat və sürətli üsul kimi geniş tətbiq olunur.
Mütəxəssislər bildirirlər ki, bitkinin növü də suyun temperaturunu müəyyənləşdirir. Çiçək və yarpaqlardan hazırlanmış çaylar üçün suyun temperaturu 90–95°C olmalıdır, kök və ədviyyatların istifadə olunduğu çaylarda isə su qaynayan səviyyədə – 100°C olmalıdır. Dəmləmə müddəti də çayın dadı və faydası üçün əhəmiyyətlidir. Çiçəklər beş-yeddi dəqiqə, yarpaqlar yeddi-on dəqiqə, kök və ədviyyatlar isə on-on beş dəqiqə dəmlənməlidir. Mütəxəssislər qeyd edirlər ki, çayı həddindən artıq uzun dəmləmək onun acı və xoşagəlməz dad verməsinə səbəb olur.
Dəmləmə prosesi sadədir. Bitkilər çay torbasına və ya dəmləmə qabına yerləşdirilir, üzərinə uyğun temperaturda su tökülür və qapaqla örtülür. Təyin olunan müddət ərzində dəmləndikdən sonra bitkilər süzülür. İstəyə görə çaya bal, limon və ya darçın əlavə etməklə həm dadını, həm də aromatik keyfiyyətini artırmaq mümkündür.
Son dövrlərdə soyuducuda dəmləmə üsulu da populyarlıq qazanıb. Bu üsulda bitkilər 6–12 saat soyuducuda saxlanılır, nəticədə çay yumşaq, aromatik və xoş dadlı olur.
Tez-tez edilən səhvlərə gəldikdə isə, mütəxəssislər bildirirlər ki, çiçəklər üçün çox isti su istifadə etmək aromaların itirilməsinə səbəb olur, çayı həddindən artıq uzun dəmləmək acı dad yaradır və keyfiyyətsiz, nəmli bitkilərdən istifadə onun faydasını azaldır.
Hər bitkinin özünəməxsus dəmləmə qaydası olsa da, mütəxəssislərin tövsiyə etdiyi bu qaydalar istənilən bitki çayını həm dadlı, həm də faydalı etmək üçün etibarlı bələdçidir.
Nilufər