"Bu dərmanlarla arıqlamaq risklidir" - Həkimdən ciddi xəbərdarlıq
Sağlamlıq
Son illər dünyada semaqlutid tərkibli preparatlar arıqlamaq və pəhriz saxlamaq istəyənlərin diqqət mərkəzinə çevrilib. Əslində, bu dərmanlar ikinci tip şəkərli diabetin müalicəsi üçün hazırlanıb. Lakin qısa müddətdə çəki azaltmaq istəyənlər arasında da sürətlə populyarlaşıb.
Semaqlutid orqanizmdə insulin ifrazını tənzimləyərək qanda şəkərin səviyyəsini stabilləşdirir. Bu təsirinə görə preparata qlobal tələbat artıb.
Bununla belə, mütəxəssislər xəbərdarlıq edirlər ki, bu dərmanlar yalnız həkim nəzarəti altında və tibbi göstərişlə istifadə olunmalıdır. Özbaşına və sırf estetik məqsədlə qəbul edilməsi ciddi sağlamlıq riskləri yarada bilər.
Mövzu ilə bağlı News24.az-a danışan həkim-dietoloq Leyla Zülfiqarova qeyd edib ki, semaqlutid tərkibli preparatlar əsasən ikinci tip diabet xəstələri üçün nəzərdə tutulub və birbaşa aclıq mərkəzinə təsir edərək iştahanı azaldır:
“Bu mexanizm nəticəsində çəki itkisi baş verir. Qida mədədə daha uzun müddət qalır, aclıq hissi zəifləyir və insan daha az yemək qəbul edir.
Lakin bu üsulla arıqlama hər zaman təhlükəsiz olmur. Klinik müşahidələr göstərir ki, iynə formasında istifadə zamanı əzələ kütləsi də azalır. Bu isə dərinin sallanmasına, hətta cırılmasına səbəb ola bilər. Xüsusilə 40 yaşdan yuxarı şəxslərdə bu risk daha yüksəkdir. Əzələ itkisi hesabına arıqlamaq uzunmüddətli sağlamlıq üçün təhlükəlidir və düzgün metod sayılmır.
Bundan əlavə, preparatlar tiroid xəstəlikləri olan şəxslərdə ciddi fəsadlar yarada, hətta tiroid xərçəngi riskini artıra bilər. Kəskin mədəaltı vəzi problemlərinə səbəb olma ehtimalı da var. Sağlam insanlarda isə ürəkbulanma, qusma, huşun itməsi və yüksək qan təzyiqi kimi yan təsirlər müşahidə edilə bilər”.
Mütəxəssis vurğulayıb ki, bu dərmanlar pəhriz və sağlam həyat tərzini əvəz etmir:
“Semaqlutid yalnız iştahanı azaldır, lakin orqanizmin normal maddələr mübadiləsini təmin etmir. İnsan bədəni hər gün yağ turşuları, zülallar, karbohidratlar və digər vacib qida maddələrinə ehtiyac duyur. Sağlam qidalanma və həyat tərzi dəyişiklikləri olmadan yalnız dərmanla davamlı arıqlamaq mümkün deyil.
Piylənmə çox vaxt hormonal balans pozuntuları ilə bağlıdır və bu problemi kompleks yanaşma olmadan həll etmək çətindir”.
Gülçin Abdullayeva