Bu əlamət infarkt və insult riskini göstərə bilər – ARAŞDIRMA

Bu əlamət infarkt və insult riskini göstərə bilər – ARAŞDIRMA Sağlamlıq

Alimlər göz ətrafında, xüsusilə göz qapaqlarında yaranan sarımtıl ləkə və lövhələrin – ksantelazmanın – infarkt və insult riskinin artması ilə əlaqəli ola biləcəyini müəyyən ediblər.

News24.az xəbər verir ki, Stanford Universitetinin alimlərinin apardığı araşdırmada ksantelazması olan 17 925 nəfərin tibbi məlumatları eyni sayda sağlam şəxsin göstəriciləri ilə müqayisə edilib. Nəticələr göstərib ki, ksantelazması olan insanlarda ilk il ərzində infarkt, insult və tranzitor işemik hücum riski daha yüksək olub.

Tədqiqatçılar bildiriblər ki, bu əlaqə qanda xolesterinin səviyyəsi normal olan insanlarda da müşahidə edilib. Onların fikrincə, ksantelazma özü infarkt və ya insulta səbəb olmur, lakin orqanizmdə ürək-damar xəstəlikləri ilə əlaqəli proseslərin xarici əlaməti ola bilər.

Alimlər göz ətrafında belə ləkələr yaranan şəxslərə xolesterin səviyyəsini, arterial təzyiqi və digər ürək-damar risk faktorlarını yoxlatmağı tövsiyə edirlər.

Bununla belə, mütəxəssislər vurğulayırlar ki, ksantelazmanın olması insanın mütləq infarkt və ya insult keçirəcəyi anlamına gəlmir. Bu, yalnız mümkün risk göstəricilərindən biri hesab olunur.