D vitaminini artırmaq üçün bunları yeyin
Sağlamlıq
Dietoloq qış aylarında D vitamini səviyyəsini qorumaq üçün qidalanmaya xüsusi diqqət yetirməyi tövsiyə edib.
News24.az xəbər verir ki, “The Independent” qəzetinə danışan qidalanma mütəxəssisi Keti Sanders D vitamini ilə zəngin qidaların adlarını açıqlayıb.
Onun sözlərinə görə, qızıl balıq bu vitaminin ən yaxşı təbii mənbələrindən biridir. Mütəxəssis həmçinin skumbriyanın da qida rasionuna daxil edilməsini məsləhət görüb. Belə ki, 100 qram bişmiş skumbriyada orta hesabla 8,5 mikroqram D vitamini var.
Dietoloq yumurtanın da bu vitaminlə zəngin olduğunu bildirib. Onun sözlərinə görə, bir yumurtada təxminən 1,7 mikroqram D vitamini mövcuddur. Bundan əlavə, D vitamini ilə zənginləşdirilmiş içkilər, səhər yeməyi üçün nəzərdə tutulan dənli bitkilər, qatıqlar və yağlar da faydalı mənbələr hesab olunur.
Bununla belə, Sanders vurğulayıb ki, qida məhsullarının tərkibində D vitamini kifayət qədər az olduğundan, payız və qış aylarında onun çatışmazlığını yalnız qidalanma vasitəsilə aradan qaldırmaq çətin ola bilər. Buna görə də, vitamin çatışmazlığından şübhələnən şəxslərə həkimə müraciət etmək tövsiyə olunur. Mütəxəssis ehtiyac olduğu halda həkim nəzarəti ilə qida əlavələrindən istifadə etməyin mümkünlüyünü də qeyd edib.
Qeyd edək ki, daha əvvəl endokrinoloq Maksim Kuznetsov soyuqdəymə və qrip mövsümündə orqanizmin müdafiə mexanizmlərini dəstəkləmək üçün zülalla zəngin qidaların, balığın, tərəvəzlərin, meyvə və giləmeyvələrin istehlakını tövsiyə edib.