İdman kifayət deyilmiş... – Beli incəldən ən effektiv üsul məlum oldu

İdman kifayət deyilmiş... – Beli incəldən ən effektiv üsul məlum oldu Sağlamlıq

Yaşlı qadınlar üzərində aparılan yeni araşdırma fiziki idmanla hormonal terapiyanın birlikdə tətbiqinin visseral yağın (qarın boşluğunda daxili orqanların ətrafında yığılan yağ) azalmasına kömək edə biləcəyini göstərib.

News24.az xəbər verir ki, tədqiqatın nəticələrinə görə, bu yanaşma ümumi bədən çəkisini dəyişmədən daxili orqanların ətrafında toplanan və sağlamlıq üçün daha təhlükəli hesab olunan visseral yağın azalmasına səbəb ola bilər.

Məlumata görə, insan orqanizmində yağın saxlanma forması yaş artdıqca dəyişir. Dərinin altında yerləşən dərialtı yağ orqanizmin normal funksiyalarında rol oynasa da, daxili orqanları əhatə edən visseral yağ ürək-damar xəstəlikləri və şəkərli diabet riskinin artması ilə əlaqələndirilir.

Araşdırmada bud sümüyü qırığından sonra reabilitasiya mərhələsində olan 65 yaşdan yuxarı 66 qadın iştirak edib. Bütün iştirakçılar terapevtik fiziki məşqlər proqramına cəlb olunub. Lakin iştirakçıların yalnız bir qrupuna əlavə olaraq dəriyə tətbiq olunan testosteron hormonu olan gel istifadə edilib.

Altı ay davam edən müşahidələrin nəticələrinə görə, ümumi çəki və ümumi bədən yağında ciddi fərq qeydə alınmayıb. Bununla belə, hormonal terapiya alan qadınlarda visseral yağın azaldığı, yalnız idman proqramı ilə kifayətlənən qrupda isə bu yağ növünün artdığı müəyyən edilib.

Tədqiqat müəllifləri bildirirlər ki, əldə olunan nəticələr yaşlı qadınlarda yağ paylanmasının daha effektiv şəkildə tənzimlənməsi və sağlamlıq risklərinin azaldılması üçün yeni yanaşmaların hazırlanmasına töhfə verə bilər.

Nilufər