Əgər sizdə bu əlamət varsa, ölüm riskiniz arta bilər
Sağlamlıq
Yaponiyanın Osaka Universiteti alimlərinin apardığı genişmiqyaslı araşdırmalar diş sağlamlığı ilə ölüm riski arasında mühüm əlaqə olduğunu üzə çıxarıb.
News24.az xəbər verir ki, tədqiqat çərçivəsində yaşı 75 və daha yuxarı olan 190 mindən artıq insanın sağlamlıq və stomatoloji qeydləri təhlil edilib.
Araşdırmada dişlər itirilmiş, sağlam, plomblu və ya çürümüş kimi təsnif edilib. Nəticələrə əsasən, ağız boşluğunda sağlam və ya plomblu dişlərin ümumi sayı ölüm riskinin proqnozlaşdırılmasında ən güclü göstəricilərdən biri kimi müəyyən olunub. İtirilmiş və ya çürümüş dişi olan şəxslərdə ölüm riskinin daha yüksək olduğu aşkar edilib.
Mövzu ilə bağlı Tokio Elm İnstitutunun apardığı başqa bir araşdırma da bu nəticələri təsdiqləyib. Belə ki, dişlərin tökülməsi, çeynəmə və udma çətinliyi, ağız quruluğu və nitq problemləri kimi üç və ya daha çox “kövrək ağız” simptomu olan şəxslərdə uzunmüddətli qayğıya ehtiyac ehtimalının 1,23 dəfə, ölüm riskinin isə 1,34 dəfə daha yüksək olduğu müəyyən edilib.