Ekran qarşısında gözlərinizi qorumağın yolları - Vacib tövsiyələr

Ekran qarşısında gözlərinizi qorumağın yolları - Vacib tövsiyələr Sağlamlıq

Son illərdə ekran qarşısında uzun müddət işləmək və mobil cihazlardan istifadənin artması insanlarda gözlərdə yorğunluq, quruluq və baş ağrıları kimi şikayətlərin artmasına səbəb olub.

News24.az xəbərə verir ki, mütəxəssislər müəyyən sadə vərdişlərlə göz sağlamlığını qorumağın mümkün olduğunu bildirirlər.

İlk növbədə, gözlər üçün fasilələr yaratmaq vacibdir. Ekspertlər “20-20-20 qaydası”nı tövsiyə edirlər. Hər 20 dəqiqədən bir 20 saniyə ərzində 20 təxminən 6 metr uzaqdakı obyektə baxmaq göz əzələlərinin istirahət etməsinə kömək edir.

İşıqlandırma da diqqətdən kənar qalmamalıdır. Çox parlaq və ya zəif işıq gözlər üçün zərərlidir. Mütəxəssislər yumşaq və diffuz işıq seçməyi, ekran parlaqlığını otaq işığına uyğun tənzimləməyi tövsiyə edirlər.

Uzun ekran istifadəsi zamanı gözlərdə quruluq yarana bilər. Bu problemi azaltmaq üçün tez-tez qırpmaq və lazım olduqda süni göz damcılarından istifadə etmək məsləhət görülür. Eyni zamanda, düzgün oturuş və ekran mövqeyi də vacibdir. Ekran göz səviyyəsindən 5–10 sm aşağı, 50–70 sm məsafədə yerləşdirilməli, oturuş dik və rahat olmalıdır.

Göz əzələlərini gücləndirmək və rahatlatmaq üçün sadə məşqlər də faydalıdır. Sağ-sol və yuxarı-aşağı baxış hərəkətləri, yaxına və uzağa fokus dəyişdirmə məşqləri və qısa göz masajları göz yorğunluğunu azaldır.

Düzgün qidalanma da göz sağlamlığının qorunmasında mühüm rol oynayır. A, C, E vitaminləri, omega-3 yağ turşuları, həmçinin sink və lutein tərkibli qidalar gözləri qoruyur. İspanaq, balıq, yumurta, fındıq və sitrus meyvələri mütəxəssislərin tövsiyə etdiyi əsas qidalar sırasındadır.

Yuxu rejimi də gözlər üçün vacib istirahət vasitəsidir. Hər gecə 7–8 saat keyfiyyətli yuxu göz əzələlərinin bərpasına və görmə qabiliyyətinin qorunmasına imkan yaradır.

Mütəxəssislər vurğulayırlar ki, gündəlik həyatımızda bu sadə vərdişləri tətbiq etməklə göz yorğunluğu, quruluq və baş ağrısı kimi problemlərin qarşısını almaq mümkündür. Öz gözlərinə qayğı göstərmək həm iş məhsuldarlığını artırır, həm də uzun müddət görmə qabiliyyətini qorumağa kömək edir.

Nilufər