Evdə iynə vurmaq olmaz - Bəs, xəstə nə etməlidir? - TƏBİB-dən qeyri-müəyyən cavab
Sağlamlıq
“Tibb bacılarının evlərdə iynə vurmalarına icazə yoxdur. Ev tibb bacısının xidmət verəcəyi ərazi deyil. Bəzi kəndlərdə tibb məntəqəsi olmadığı halda, tibb bacısı evdə iynə vurur. Buna icazə yoxdur. Tibb bacısının ilkin yardım üçün əlində zəruri avadanlıqlar, dərman vasitələri olmalıdır”
Bu fikirləri ötən gün TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov "TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair" brifinqdə deyib.
O qeyd edib ki, belə tibbi prosedurlar üçün xəstələr mütləq xəstəxanaya və ya tibb müəssisəsinə müraciət etməlidirlər.
Amma TƏBİB rəhbərinin bu açıqlaması bir sıra suallar doğurub. Xəstəxanaya getmək imkanı olmayan, səhhətləri yol verməyən pasiyentlər nə etməlidirlər?
Nəzərə alsaq ki, belə tibbi müdaxilələr üçün təcili yardım çağırılması yolverilməz sayılır. Bəs, o zaman evdə müalicə alan xəstənin inyeksiyalarını kim etməlidir?
Məsələ ilə bağlı News24.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, inyeksiya (“iynə vurulması”) və venadaxili infuziya (“sistem köçürülməsi”) görünüşcə sadə tibbi prosedurlar olsa da, bu xidmətlərin həyata keçirilməsi üçün müəyyən tibbi və hüquqi tələblər mövcuddur:
"Bu prosedurlar zamanı allergik reaksiyalar, anafilaktik şok və ya digər ağırlaşmalar baş verə bilər. Belə hallarda operativ şəkildə müdaxilə etmək üçün həkim nəzarəti, reanimasion tədbirlər üçün şərait və təcili tibbi avadanlıq tələb olunur. Tibb məntəqələri və poliklinikalar fəaliyyət istiqamətinə uyğun olaraq profilaktik baxışlar, yüngül ambulator müalicələr, konsultasiyalar və yönləndirmə funksiyalarını əhatə edir.
İnvaziv prosedurlar – inyeksiya və infuziya daxil olmaqla – "ikinci səviyyə (ambulator-stasionar) xidmətlərə" və tibb müəssisələrinin fəaliyyət istiqamətinə aid edilir".