Hamiləlik dövründə dişlərinizi belə qoruyun
Sağlamlıq
Hamiləlik zamanı dişləri qorumağın yolları açıqlanıb.
News24.az xəbər verir ki, bu barədə rusiyalı stomatoloq Polina Kabanova danışıb.
“Tez-tez ara qidalanmalarını nəzarətdə saxlayın. Diş minasına zərər verən əsas amil şirniyyatın miqdarı deyil, gün ərzində, xüsusilə də gecələr qidanın dişlərlə davamlı təmasıdır. Növbəti ara qidalanmadan və ya şirin içki qəbulundan sonra ağzınızı su ilə yaxalayın”, – deyə mütəxəssis bildirib.
Kabanova peşəkar ağız boşluğu gigiyenasına laqeyid yanaşmamağı məsləhət görüb. Onun sözlərinə görə, hormonal dəyişikliklər səbəbindən diş ətləri adi miqdarda diş ərpinə qarşı belə daha həssas olur, tez-tez iltihablanır və qanayır.
Peşəkar gigiyena gingivit riskini azaltmağa və ağız boşluğunun sağlamlığını qorumağa kömək edir.
O, həmçinin toksikoz zamanı dişlərin qorunmasının vacibliyini vurğulayıb.
“Qusduqdan dərhal sonra dişlərinizi fırçalamayın. Mədə turşusu diş minasını müvəqqəti olaraq daha həssas edir və diş fırçası onun zədələnməsini daha da artıra bilər.
Əvvəlcə ağzınızı ilıq su ilə yaxalayın və 30–60 dəqiqə gözləyin”, – deyə stomatoloq məsləhət verib.
Həkimin sözlərinə görə, ev şəraitində düzgün ağız baxımı da böyük əhəmiyyət daşıyır. Kabanova xatırladıb ki, dişlər gündə iki dəfə flüor tərkibli diş pastası ilə təmizlənməli, hər gün diş sapından və monotopalı diş fırçasından istifadə edilməlidir.
Stomatoloq qeyd edib ki, kariyesin və diş əti xəstəliklərinin əsas səbəbi məhz diş ərpidir.
Bundan əlavə, Kabanova hamiləlik dövründə diş müalicəsindən çəkinməməyə çağırıb.
“Ailə planlaşdırılmasından əvvəl stomatoloqa müraciət etmək ən ideal variantdır. Lakin bu mümkün olmayıbsa, müalicəni hamiləlik dövründə aparmaq da olar. Çünki ağız boşluğundakı infeksiya orqanizm üçün əlavə yükdür və fəsadlar riskini artırır. Müasir stomatologiya isə hamiləlik zamanı dişlərin təhlükəsiz şəkildə müalicəsinə imkan verir. Problem nə qədər tez həll olunarsa, müalicə də bir o qədər asan olar”, – deyə ekspert vurğulayıb.