Qastrit, mədə xorası və dəmir çatışmazlığı olanlar oxusun!
Sağlamlıq
Çay dünyada ən çox istehlak edilən içkilərdən biridir. Bəs paket çayı ilə yarpaqlı çay arasında ciddi fərq varmı və hansısı daha faydalıdır?
News24.az xəbər verir ki, bu suala rusiyalı terapevt və dietoloq Yelena Ustinova cavab verib.
Onun sözlərinə görə, əgər paket çayı çay tozundan və istehsal qalıqlarından deyil, keyfiyyətli çay yarpağından hazırlanıbsa, faydalı maddələrin tərkibinə görə yarpaqlı çaydan demək olar ki, geri qalmır.
Həm yaşıl, həm də qara çay formasından asılı olmayaraq hüceyrələri oksidləşdirici stressdən qoruyan, ürək-damar sisteminə müsbət təsir göstərən polifenollar, katexinlər və digər antioksidantlarla zəngindir.
Bununla belə, həkim qeyd edib ki, praktikada yarpaq çay daha keyfiyyətli olur.
Çünki onun hazırlanmasında adətən bütöv və ya iri çay yarpaqlarından istifadə edilir.
Paket çaylarında isə xırdalanmış xammal üstünlük təşkil edir. Bu səbəbdən paket çayı daha tez dəmlənir və daha tünd alınır, lakin uzun müddət saxlanıldıqda ətri və bəzi bioloji aktiv maddələri daha tez itirir.
Dietoloqun sözlərinə görə, paketlərin hazırlandığı material da önəmlidir.
Etibarlı istehsalçılar kağız və ya qida üçün təhlükəsiz materiallardan istifadə etsələr də, ucuz məhsullarda sintetik komponentlər ola bilər. Buna görə də təhlükəsizlik standartlarına əməl edən tanınmış markalara üstünlük vermək tövsiyə olunur.
Mütəxəssis əlavə edib ki, adi qara və ya yaşıl çayın tərkibində boya və ya dadlandırıcıların olması zəruri deyil.
Əgər məhsulda ətirləndiricilər, şirinləşdiricilər və ya çox sayda meyvə əlavələri varsa, bu artıq klassik çay deyil, ayrıca məhsul hesab olunur.
Yelena Ustinova həmçinin çayın hazırlanma üsulunun da vacib olduğunu vurğulayıb.
Onun sözlərinə görə, həddindən artıq tünd dəmlənmiş çay, istər paket, istərsə də yarpaqlı olsun, daha çox kofein və aşılayıcı maddələr ehtiva edir.
Bu isə bəzi insanlarda ürəkdöyünməsinin sürətlənməsinə, mədə selikli qişasının qıcıqlanmasına və dəmirin mənimsənilməsinin azalmasına səbəb ola bilər.
Xüsusilə qastrit, mədə xorası və dəmir çatışmazlığı anemiyası olan şəxslər bu məsələdə ehtiyatlı olmalıdırlar.