Harvard mütəxəssislərindən valideynlərə 5 mühüm tövsiyə

Harvard mütəxəssislərindən valideynlərə 5 mühüm tövsiyə Sağlamlıq

Uşaqların intellektual və emosional inkişafının gücləndirilməsi üçün valideynlərin davranışı mühüm rol oynayır. Harvard Universitetinin İnkişaf edən Uşaq Mərkəzinin mütəxəssisləri bildirirlər ki, erkən yaşlarda uşaqlarla düzgün ünsiyyət və qarşılıqlı münasibət onların öyrənmə qabiliyyətinin formalaşmasına ciddi təsir göstərir.

News24.az xəbər verir ki, mütəxəssislər valideynlər üçün uşağın beyin inkişafını dəstəkləyən 5 əsas tövsiyə açıqlayıblar. Onların fikrincə, əsas prinsip uşağın maraq göstərdiyi mövzulara reaksiya vermək və onunla qarşılıqlı ünsiyyət qurmaqdır.

Uşağın diqqətini izləmək

Uşağın baxdığı, işarə etdiyi və ya maraq göstərdiyi obyektlərə diqqət yetirmək vacibdir. Gün ərzində bir neçə dəfə uşağın diqqət mərkəzini izləmək valideynlə uşaq arasında emosional bağın möhkəmlənməsinə kömək edir və onun maraqları haqqında məlumat verir.

Dəstək və həvəsləndirmə

Uşağa göstərilən diqqət və müsbət reaksiya onun inkişafında mühüm rol oynayır. Qucaqlamaq, təbəssüm və ya onun fəaliyyətinə qoşulmaq uşağın marağını artırır və emosional təhlükəsizlik hissini gücləndirir.

Maraqlandığı obyektləri adlandırmaq

Uşağın gördüyü və ya etdiyi hərəkətləri sözlə ifadə etmək onun dil inkişafını dəstəkləyir. Hətta uşaq sözləri tam anlamasa belə, bu proses beyində yeni neyron əlaqələrinin yaranmasına kömək edir.

Qarşılıqlı ünsiyyət üçün vaxt vermək

Valideynlərin uşağın reaksiyasını gözləməsi də vacib hesab olunur. Uşağın məlumatı mənimsəməsi üçün zamana ehtiyacı var. Sadə və qısa dialoqlar onun özünəinamını artırır və müstəqil düşünmə qabiliyyətini inkişaf etdirir.

Uşağa fəaliyyətini özünün idarə etməyinə imkan vermək

Uşaqlar oyun və fəaliyyət zamanı öz ritmlərini müəyyən etməlidirlər. Onlara prosesi özlərinin başlatmasına və bitirməsinə imkan vermək yaradıcılığın və müstəqil öyrənmə bacarıqlarının inkişafına kömək edir.

Mütəxəssislərin fikrincə, bu kimi sadə yanaşmalar erkən yaşlardan uşaqların öyrənmə potensialını artırır və sağlam emosional inkişaf üçün möhkəm əsas yaradır.

Nilufər