Hava dəyişirsə, ürəyiniz də riskdədir – Meteohəssaslar bunları bilməlidir!

Hava dəyişirsə, ürəyiniz də riskdədir – Meteohəssaslar bunları bilməlidir! Sağlamlıq

Hava şəraitinin kəskin dəyişməsi bəzi insanlarda halsızlıq, başgicəllənmə, arterial təzyiqin oynanması və ürəkdöyünmə kimi narahatlıqlar yaradır. Xüsusilə ürək-damar sistemi zəif olanlar, yaşlılar və xroniki xəstəlikləri olan şəxslər atmosfer dəyişikliklərini daha həssas hiss edirlər.

Bəs meteohəssas insanlar belə günlərdə özlərini necə qorumalıdır?

Bu barədə News24.az-a danışan tibb elmləri doktoru Rəşad Mahmudov bildirib ki, tibbdə meteohəssaslıq ayrıca xəstəlik kimi qəbul olunmasa da, klinik müşahidələr bəzi insanların hava və atmosfer dəyişikliklərinə daha həssas reaksiya verdiyini göstərir:

“Xüsusilə ürək-damar sistemi zəif olan şəxslər, arterial təzyiq problemi yaşayanlar, yaşlılar və xroniki xəstəlikləri olan insanlar bu dəyişiklikləri daha tez hiss edirlər.

Meteohəssaslıq havanın tərkibindəki konkret bir maddə ilə deyil, əsasən atmosfer şəraitində baş verən fiziki dəyişikliklərlə bağlıdır. Atmosfer təzyiqinin sürətlə dəyişməsi damar tonusuna təsir edir, arterial təzyiqdə oynama yaradır, başgicəllənmə, halsızlıq və ürəkdöyünmə kimi əlamətlərə səbəb ola bilir. Temperaturun kəskin artması və ya azalması da ürək-damar sisteminə əlavə yük verir. İsti havada damarlar genişlənir və təzyiq enə bilər, soyuq havada isə damar spazmı və təzyiq artımı müşahidə olunur”.

Həkimin sözlərinə görə, rütubətin yüksək olması və hava kütlələrinin dəyişməsi bəzi insanlarda oksigen mübadiləsinin çətinləşməsi hissi yaradır:

“Eyni zamanda iri şəhərlərdə hava çirkliliyi, toz hissəcikləri və yanma məhsulları ürək və tənəffüs sistemi xəstələrində şikayətləri artıra bilər. Geomaqnit dalğalanmalar və günəş aktivliyi ilə bağlı dəyişikliklərin də vegetativ sinir sistemi vasitəsilə həssas insanlarda müəyyən təsir yaratdığı müşahidə olunur.

Ürəyi zəif və meteohəssas insanlar belə günlərdə özlərini qorumaq üçün bir neçə sadə qaydaya əməl etməlidirlər. Arterial təzyiq və nəbz daha tez-tez nəzarətdə saxlanmalıdır. Təyin olunmuş dərmanlar fasiləsiz qəbul edilməli, özbaşına dayandırılmamalıdır. Maye qəbulu balanslı olmalıdır. Həddindən artıq isti və ya soyuq mühitdən qorunmaq, kəskin temperatur keçidlərini azaltmaq vacibdir. Ağır fiziki yüklənmə və gərgin fəaliyyət hava dəyişkənliyi olan günlərə salınmamalıdır. Kifayət qədər yuxu və stressin azaldılması da ümumi dayanıqlığı artırır.

Belə günlərdə güclü sinə narahatlığı, kəskin ritm pozuntusu, bayılmaya yaxın vəziyyət və ya təzyiqin həddən artıq yüksəlməsi kimi əlamətlər yaranarsa, gecikmədən tibbi yardıma müraciət olunmalıdır.

Meteohəssaslıq idarə oluna bilən bir vəziyyətdir. Düzgün həyat tərzi, davamlı müalicə və özünənəzarət vasitəsilə risk qrupuna daxil olan insanlar hava dəyişikliklərinin təsirini minimuma endirə bilərlər”.