Həkimlər 60 yaşdan sonra bu qidalardan uzaq durmağı tövsiyə edir

Həkimlər 60 yaşdan sonra bu qidalardan uzaq durmağı tövsiyə edir Sağlamlıq

60 yaşdan sonra maddələr mübadiləsinin yavaşlaması və xroniki xəstəliklərin riskinin artması qidalanmaya daha çox diqqət yetirməyi tələb edir. Mütəxəssislər bu yaşdan sonra xüsusilə ultraemal olunmuş qəlyanaltılardan uzaq durmağı tövsiyə edirlər.

News24.az xəbər verir ki, çips, suxarı, paketlənmiş keks, ponçik və şirin taxıl batonları yüksək miqdarda şəkər, sürətli karbohidrat və duz ehtiva edir. Həkimlərin sözlərinə görə, bu məhsullar orqanizmdə iltihab və oksidləşdirici stressi artıraraq qocalma prosesini sürətləndirə bilər.

Bundan başqa, belə qidalar lif, zülal və digər vacib qida maddələri baxımından kasıb olduğundan daha faydalı məhsulların rasiondan çıxmasına səbəb olur. Tərkibindəki yüksək natrium isə arterial təzyiqin artmasına, ürək-damar və böyrək problemlərinin yaranmasına şərait yarada bilər.

Mütəxəssislər qəlyanaltı əvəzinə yağlı balıq, paxlalılar, zeytun yağı, qoz-fındıq və toxumlar, tam taxıllı məhsullar, kefir, yoqurt və yaşıl tərəvəzlərə üstünlük verməyi məsləhət görürlər.

Həkimlər bildirirlər ki, sağlam qidalanmaya 60 yaşdan sonra deyil, daha erkən yaşlardan başlamaq uzunmüddətli sağlamlıq üçün daha faydalıdır.