Həm ürəyə, həm də beyinə müsbət təsir edirmiş...
Sağlamlıq
Kardiologiya sahəsi üzrə mütəxəssislər portağal suyunun düzgün miqdarda qəbul edildiyi təqdirdə həm ürək, həm də beyin sağlamlığı üçün əvəzsiz faydaları olduğunu açıqlayıblar.
News24.az xəbər verir ki, mütəxəssislərin rəyinə görə, portağalın tərkibindəki antioksidantlar damar divarlarının qorunmasında mühüm rol oynayır. Həkimlər qeyd ediblər ki, meyvə şirələrinin qan şəkərini kəskin şəkildə artırdığına dair yayılan fikirlər tamamilə doğru deyil. Bu proses birbaşa qəbul edilən miqdardan və meyvənin emal formasından asılıdır.
Bir stəkan şirə hazırlayarkən bir neçə portağaldan istifadə olunur ki, bu da meyvənin lif tərkibinin azalmasına və şəkər konsentrasiyasının artmasına səbəb ola bilər. Lakin kardioloqlar vurğulayırlar ki, gündəlik 100–200 millilitr portağal suyu qəbulu qan şəkərində kəskin sıçrayış yaratmır, əksinə, ürək-damar sisteminə müsbət təsir göstərir.
Xüsusilə portağalın tərkibindəki flavonoidlər və antioksidantlar orqanizmdəki iltihabi prosesləri azaldaraq infarkt riskini minimuma endirməyə kömək edir.